“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı belə deyib.
O, avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə bəyannamənin imzalandığını və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflandığını xüsusi vurğulayıb.
“8 avqustda baş verənləri tərəddüd etmədən, əvvəllər görülən işləri və ya bu istiqamətdə aparılan danışıqları azaltmadan dönüş hadisəsi adlandıra bilərəm. Bütün bunlar nəticədə 8 avqusta gətirib çıxardı və həmin gün Vaşinqtonda baş verənlər gələcək işimiz üçün dönüş nöqtəsi və təməl daşı oldu”, - deyə Mirzoyan bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, sənəddə bir-birinin daxili işlərinə qarışmamaq, dövlət sərhədlərinin toxunulmazlığı və region daxilində əməkdaşlıq prinsipləri təsbit olunub.
“Bu mətnin dərc olunmasını çox vacib hesab edirəm. Çünki hamımız bu razılaşma ətrafında yayılmış və davam edən manipulyasiyaları xatırlayacağıq- konstitusiyaya dəyişikliklər, kütləvi deportasiyalar və s. Allaha şükür ki, sənəd ictimaiyyətə açıqdır. Görürük ki, orada nəinki heç bir manipulyasiya, hətta onların işarəsi belə yoxdur”,-deyə Mirzoyan qeyd edib.