Son illərdə təbiət qoynunda istirahət və “öz əlinlə topla, təbii ye” kimi trendlərin artması ilə insanlar meşələrdə göbələk yığmağa daha çox maraq göstərməyə başlayıblar. Bununla paralel olaraq, müxtəlif mobil tətbiqlər və internet resursları da göbələk növlərini tanımaq üçün xidmətlər təklif edir. Lakin mütəxəssislər bu məlumatlara tam etibar etməməyə çağırırlar.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, bu tip tətbiqlər süni intellekt və şəkil tanıma texnologiyası ilə işlədiyindən nəticə tam dəqiq olmur:

“İstifadəçi göbələyin fotosunu çəkir, sistem onu minlərlə görüntü ilə müqayisə edir və oxşarlığa əsasən nəticə verir. Amma bu nəticə yalnız ehtimala əsaslanır. Təbiətdə bir-birinə çox oxşayan, biri yeməli, digəri isə öldürücü zəhərli olan növlər var. Bu hallarda tətbiqlər çox vaxt səhv nəticə göstərir”.
Ekspertin sözlərinə görə, şəkil çəkərkən bucaq, işıq və fon kimi texniki amillər də nəticəni dəyişir. Eyni göbələk fərqli şəraitdə fərqli növ kimi tanına bilər. Üstəlik, bir çox tətbiqlər coğrafi və iqlim fərqlərini nəzərə almır:
“Bəzi göbələk növləri yalnız müəyyən bölgələrdə və aylarda yetişir. Tətbiqlər bu fərqi nəzərə almadıqda, səhv tanıma ehtimalı daha da artır”.
Asim Vəliyev həmçinin sosial şəbəkələrdə yayılan xalq üsullarına da inanmamağı tövsiyə edib:
“Məsələn, “göbələk qaralmırsa, zəhərsizdir” və ya “it yemirsə, sən də yemə” kimi fikirlər elmi əsas daşımır və insanlarda çaşqınlıq yaradır. Göbələk yığarkən ən etibarlı yol yalnız mütəxəssis rəyi ilə hərəkət etməkdir”.
Aynurə İsmayıl
KONKRET.az
