EN

IJF: “Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq”

Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yazıda Bakının mundialı qarşılamağa hazırlaşdığı, mötəbər yarışın oktyabrın 4–11-də keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, bu il Macarıstanın paytaxtı Budapeştdə baş tutan dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı dünyanın diqqət mərkəzində olacaq: “Dünya səviyyəli idmançılar yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksəksəviyyəli çıxışlarla yadda qalmışdı”.

Məqalədə IJF-in rəhbəri Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin fikirlərinə də yer verilib.

Bundan başqa, məqalədə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır: “Dövlət başçısının həm böyüklər, həm də gənclər yaş qruplarındakı cüdoçuları yaxından tanıması və onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir”.

“Ev sahibi Azərbaycan üçün bu yarış həm də ölkə daxilində cüdonun təbliği, yeni nəsil idmançıların ilhamlandırılması və qalıcı idman dəyərlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı-2026, sadəcə, bir yarış deyil, cüdonun birlik, dostluq və sülhü təşviq edən gücünün bayramı olacaq”, - deyə yazıda qeyd olunub.

İdman.Biz

Chosen
4
4
idman.biz

5Sources