EN

Azərbaycan yeni dünya düzənində fərqli modelləri ilə əsas aktora çevrilib

Müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişikliklər, geosiyasi gərginliklər və regional münaqişələrin çoxalması fonunda milli maraqlarını qətiyyətlə qorumağı bacaran, eyni zamanda konstruktiv əməkdaşlıq gündəliyi ilə çıxış edən dövlətlər xüsusi çəki qazanırlar. Azərbaycan bu mənada son illərdə həm regional, həm də qlobal səviyyədə fərqli inkişaf modelləri, diplomatik fəallığı və strateji təşəbbüsləri ilə yeni dünya düzəninin əsas aktorlarından birinə çevrilib.

Prezident cənab İlham Əliyevin uzaqgörən və sistemli siyasəti nəticəsində formalaşan "Azərbaycan modeli" təkcə ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafını deyil, həm də beynəlxalq sabitlik və əməkdaşlıq arxitekturasını formalaşdıran nümunəyə çevrilib. 

Münaqişənin həlli və sülh gündəliyi modeli

Azərbaycanı fərqləndirən əsas istiqamətlərdən biri postmünaqişə dövrünün sülh və inkişaf modelidir. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həlli ölkəmizin diplomatik və hərbi strategiyasının vəhdətini nümayiş etdirdi. Hərb tarixinin yeni səhifəsini açdı. 2020-ci ildə əldə edilən Zəfər təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının əsasını qoydu.

Bu gün Azərbaycan regionda sülhün təşəbbüskarı və təminatçısı kimi çıxış edir. Prezident cənab İlham Əliyevin irəli sürdüyü sülh müqaviləsi təşəbbüsləri, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Beləliklə, güc elementindən sonra konstruktiv diplomatiya və bərpayönümlü siyasət ön plana keçib. Bu isə Azərbaycanın etibarlı, məsuliyyətli və praqmatik tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Quruculuq və ağıllı inkişaf modeli

Postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi quruculuq siyasəti həm miqyası, həm də müasir yanaşması ilə seçilir. Azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı kənd" və "ağıllı şəhər" layihələri gələcəyin yeni idarəetmə, ekoloji, rifah və sosial həyat modelini nümayiş etdirir.

Zəngilanın Ağalı kəndində tətbiq edilən pilot layihə bərpaolunan enerji mənbələri, rəqəmsal kənd təsərrüfatı və "yaşıl texnologiya"lar əsasında formalaşmış infrastrukturla reallaşan dayanıqlı inkişaf modelini  ifadə edir.

Bu konsepsiya "Böyük qayıdış" proqramı ilə uzlaşaraq həm sosial ədaləti, həm də iqtisadi dirçəlişi təmin edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri regionu yeni iqtisadi mərkəz kimi formalaşdırır. Azərbaycan bu sahədə XXI əsrin "yaşıl" və rəqəmsal dövlət modelini təqdim edir.

Xarici siyasət və qlobal diplomatiya modeli

Azərbaycanın xarici siyasəti tarazlıq, müstəqillik və çoxvektorlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Prezident cənab İlham Əliyevin "müstəqil xarici siyasət" konsepsiyası nəticəsində ölkəmiz beynəlxalq sistemdə etibarlı və balanslı tərəfdaş kimi qəbul olunur.

Azərbaycan həm Qoşulmama Hərəkatı çərçivəsində ədalətli beynəlxalq nizamın müdafiəçisidir, həm də Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, BMT və İƏT kimi qurumlarla səmərəli əməkdaşlıq aparır.

Enerji diplomatiyası, nəqliyyat təşəbbüsləri və humanitar siyasət Azərbaycanın regional dialoq və körpü rolunu yüksəldib. Prezident cənab  İlham Əliyevin irəli sürdüyü "Sülh və Ədalət uğrunda Hərəkat" ideyası isə beynəlxalq münasibətlərdə yeni düşüncə fəlsəfəsini formalaşdırır. Bu fəlsəfə ədalətə, qarşılıqlı hörmətə və tərəfdaşlığa əsaslanır.

İqtisadi inkişaf, nəqliyyat və enerji təhlükəsizliyi modeli

Azərbaycan iqtisadiyyatı bu gün resurslardan asılılıqdan innovasiyaya əsaslanan yeni mərhələyə qədəm qoyub. Son illərdə aparılan islahatlar nəticəsində qeyri-neft sektoru üzrə artım dinamikası regionun ən yüksək göstəricilərindən biridir.

Eyni zamanda Zəngəzur dəhlizi, Orta dəhliz və Trans-Xəzər marşrutu kimi layihələr Azərbaycanı qlobal nəqliyyat-loqistika mərkəzinə çevirib.

Enerji sahəsində isə Azərbaycan artıq Avropanın strateji enerji tərəfdaşıdır. "Cənub qaz dəhlizi" və yeni enerji marşrutları Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın qlobal sabitliyə verdiyi töhfəni də nümayiş etdirir.

Bu model sübut edir ki, Azərbaycan iqtisadi müstəqilliyini qoruyaraq, eyni zamanda qlobal iqtisadi sabitlik və enerji təhlükəsizliyinə real töhfə verən bir dövlətdir.

Mədəniyyətlər və dinlərarası dialoq - Mehriban Əliyevanın missiyası

Azərbaycanın beynəlxalq nüfuzunun ən mühüm dayaqlarından biri mədəniyyətlər və dinlərarası dialoq modelidir. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji xətt, sülhü yalnız siyasi sənədlərlə deyil, mədəni və mənəvi dəyərlər vasitəsilə də möhkəmləndirir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı mühiti tolerantlıq və qarşılıqlı hörmətin dövlət siyasətinə çevrildiyi nadir nümunədir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri bu modelin qlobal miqyasda tanınmasında həlledici rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyanın müxtəlif ölkələrində - Vatikanda, Fransada, Rusiyada, Gürcüstanda və digər dövlətlərdə - dini və mədəni abidələrin bərpasına töhfə verib.

Vatikan Apostol Kitabxanasında Azərbaycan tarixi və türkdilli irsə aid 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması, Roma Papası ilə dialoqlar, Bakı Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslər Azərbaycanın mədəniyyətlərarası diplomatiya mərkəzinə çevrildiyini sübut edir.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan sülhü, tolerantlığı və qarşılıqlı anlaşmanı praktiki şəkildə təşviq edən aparıcı ölkə statusunu qazanıb.

Azərbaycan modeli - ədalət, sabitlik və tərəqqi yolunda

Azərbaycanın yeni dünya düzənində əsas aktora çevrilməsi təsadüfi deyil. Bu, ardıcıl siyasi strategiyanın, güclü liderliyin, dayanıqlı iqtisadi modelin və humanist dəyərlərə əsaslanan dövlət idarəçiliyinin məntiqi nəticəsidir.

Bu gün Azərbaycan təkcə öz milli maraqlarını müdafiə etmir - o, eyni zamanda qlobal sistemin yenidən formalaşmasında məsuliyyətli və ədalətli aktor kimi çıxış edir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycan modeli XXI əsrin çağırışlarına cavab verən ədalət, sabitlik və tərəqqi modeli kimi dünyaya təqdim olunur. Bu model regionu və bütövlükdə dünyanı sülhə, əməkdaşlığa və davamlı inkişafa aparan strateji yol xəritəsidir.

Mehriban VƏLİYEVA,

Milli Məclisin deputatı

1Sources