EN

2026-cı il sülh müqaviləsi təqvimi olacaq - MÜSAHİBƏ

BAKI, 28 oktyabr. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında son zamanlar sülh və etimad quruculuğu istiqamətində atılan addımların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində Ermənistanla hazırkı sülh və etimad quruculuğu müstəvisində ölkəmizin atdığı addımlara toxundu. Ölkəmizin başçısı bəyan etdi ki, Azərbaycan üzərindən Ermənistana Qazaxıstan taxılının keçidinə imkan yaradılacaq. Sözsüz ki, bu mühüm tranzit imkanlarının açılması deməkdir. Eyni zamanda vətəndaş cəmiyyəti təmsilçilərinin bir qrupunun İrəvana səfəri də bu qəbildən olduqca önəmli addım idi. Sözsüz ki, bütün bu addımlar Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Cənubi Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında ölkəmizin birmənalı mövqeyi açıq şəkildə ortaya qoyulub. Ölkəmizin başçısı da dəfələrlə bununla bağlı bəyanatlar səsləndirib. 2022-ci ildən Azərbaycanın irəli sürdüyü sülh prinsipləri, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin iştirakı ilə əldə edilən razılaşmalar olduqca önəmlidir. Sözsüz ki, hazırda sülh mühitini formalaşdıran Azərbaycan və onun prezidentidir. Artıq dünya birliyi də gördü ki, Azərbaycan sülhün formalaşmasında maraqlıdır.

- Hazırkı sülh quruculuğunda İrəvanın mövqeyində hansı xətti görmək olur?

- Ermənistan tərəfi sözsüz ki, zaman-zaman sülh prosesini pozmaq üçün müxtəlif yollara əl atıb. Amma rəsmi İrəvanın son hərəkətləri və verilən açıqlamalar onu deməyə əsas verir ki, onlar da Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanın gələcəyi yoxdur. Rəsmi Bakının sülh və etimad quruculuğu istiqamətində atdığı sülhsevər addımlara Ermənistan tərəfi də adekvat olmalıdır. Qarşı tərəfdən verilən açıqlamalar onların da bunu başa düşdükləri ilə bağlı fikir söyləməyə əsas verir. Ona görə də, proseslər bu istiqamətdə davam etsə, 2026-cı il sülh müqaviləsinin imzalanması üçün yaxşı bir təqvim olacaq.

- Zəngəzur dəhlizinin qısa zamanda açılması ilə bağlı ehtimallar nədən ibarətdir?

- Bununla bağlı artıq razılaşmalar var. Gələn il Zəngəzur dəhlizi (Tramp marşrutu) istiqamətində Azərbaycan tərəfindən Ermənistan sərhəddinə qədər bütün yolların tikintisi yekunlaşacaq. Gözlənilən odur ki, bu istiqamətdə Ermənistan tərəfindən də konkret addımlar atılsın. Proseslərin gedişi də məhz buna doğru gedir.

Chosen
52
teleqraf.com

1Sources