Bu idman növü ilə maraqlanmağa başladığım vaxtlardan onun iştirakçıları haqqında eşirdirdim: Onların sayı kosmonavtlar qədərdir. Əvvəllər bu sözlər mənə qəribə gəlirdi. Zaman keçdikcə bunun real olduğunu anladım. Bizə nə qədər qəribə gəlsə də, onların sayı çox az imiş.
Söhbət avtoidman şahı olan “Formula 1” və bu idmanın növünün qəhrəmanları olan pilotlarından gedir. İllər ərzində treklərdə 20, ən yaxşı halda isə 22-23 pilot yarışır. Təsəvvür edin ki, dünya üzrə “Formula 1”-də 10 komanda var. Yeni mövsümdən bu say 11-ə çatacaq. Tarixə nəzər salsaq, fikrimizdə yanılmadığımızı görərsiniz. Nə qədər bahalı idman növü olsa da, sürətli yollardan baş açan sürücülər bir o qədər də azdı. Düzdür, “Formula” seriyasında daha 3 kateqoriya üzrə mübarizə var. Lakin o yarışlarda da iştirakçı sayı elə də çox deyil.

Azərbaycan da artıq 10 ilə yaxındır “Formula” yarışlarının məskəninə çevrilib. Ən gözəl və sürətli treklərdən biri məhz Bakıdadır. Hər il dünyanın diqqəti paytaxtımızda olur. Çünki burada tez-tez süprizlər qeydə alınır.
Yəqin ki, Azərbaycan Qran-Prisində yerli pilot iştirak etsəydi, bu, bizim üçün daha gözəl olardı. Yarışın populyarlığı və azarkeş marağı artardı. Hazırda bu arzumuz real görünməsə də, gələcəkdə vəziyyət dəyişə bilər. Çünki “Formula” yarışlarında iştirak etməyə namizəd olan soydaşımız var. Onlardan biri kartinq yarışlarının ulduzuna çevrilən Davin Cəfərovdur.