EN

Ramiz Mehdiyev kimləri inandıra bilib? – Tural Abbaslıdan sensasion AÇIQLAMA

Son günlər Ramiz Mehdiyevin adı ətrafında yayılan “çevriliş planı” və “Dövlət Şurası” adlı yeni idarəetmə modeli barədə iddialar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Mətbuatda yayılan məlumatlara görə, Mehdiyev bu qurum vasitəsilə hakimiyyətin əsas qollarını nəzarətdə saxlamaq və İran tipli kollegial idarəetmə sisteminə keçidi planlaşdırıb. Lakin siyasi dairələrdə əsas sual budur: bu plan reallığa nə dərəcədə yaxın olub və Mehdiyevin çağırışına kimlər inanıb?

Ağ Partiya başqanı Tural Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, əgər doğrudan da Ramiz Mehdiyev tərəfindən belə bir çevriliş planı mövcud olubsa və “Dövlət Şurası” adı altında struktur formalaşdırılmağa cəhd edilibsə, bu prosesdə iştirak etmək üçün dəvət alanların bir hissəsi buna inanmış ola bilər:

“Niyə də inanmasınlar? İnsanlar bu dəqiqə müxtəlif dələduzlara inanıb milyonlarla pul itirirlər. Məsələnin bir tərəfində 25 ilə yaxın dövlətin ən ali idarəetmə orqanında təmsil olunan şəxs durubsa və o deyirsə ki, ‘belə bir orqan qururuq, sizi də ora dəvət edirik’, buna inanmamaq üçün ciddi səbəb yoxdur. Kimi qorxub çəkinə bilər, amma prosesin reallığına inanmamaq mümkün deyil.”

Partiya sədri qeyd edib ki, bu kimi cəhdlərdə təkcə sabiq məmurlar deyil, həmçinin hazırkı dövlət qulluqçuları, müxalifət təmsilçiləri və media nümayəndələri də yer ala bilərdi:

“Məktubda göstərilən siyasi formatdan belə görünür ki, Mehdiyev İran-İslam Respublikasına bənzər bir model yaratmaq niyyətində olub. Bu “Dövlət Şurası” həmin sistemdəki keşişlər şurasının funksiyasını daşımalı idi. Təbii ki, bütün bu məsələlər istintaq orqanları tərəfindən araşdırılacaq və kimin hansı dərəcədə prosesdə iştirak etdiyi ortaya çıxacaq.”

Tural Abbaslı sonda bildirib ki, hələlik bu iddialarla bağlı rəsmi məlumat yoxdur və yayılan xəbərlərin böyük qismi ehtimallara əsaslanır:

“Mən bütün hallarda dövlət orqanlarının rəsmi mövqeyini gözləyirəm. Faktlara əsaslanan yekun qiymətləndirmə yalnız istintaqın nəticələrindən sonra mümkün olacaq”.

//Gülnarə Abasova,Editor.az

Chosen
40
editor.az

1Sources