EN

Tələbə kartları ilə ödəniş sistemi sınaqdan keçirilir: Tələbələr nə düşünür? - SORĞU

Bakıda tələbə kartları ilə metroda ödəniş sisteminin sınaq mərhələsinə start verilib. Bakı Metropoliteni və Kapital Bank tərəfindən həyata keçirilən bu yenilik tələbələr üçün həm rahatlıq, həm də əlavə təhlükəsizlik vəd edir. Artıq tələbələr metro kartı olmadan da öz tələbə vəsiqələri ilə gediş haqqını ödəyə biləcəklər.

Bu yeniliklə bağlı Redaktor.az tələbələr arasında sorğu keçirib. Sorğu nəticəsində məlum oldu ki, əksər tələbələr sistemi müsbət qarşılayır, onu həm vaxt itkisini azaldan, həm də praktik bir addım kimi dəyərləndirirlər.

Bakı Dövlət Universitetinin tələbəsi Aysel Quliyeva bildirdi ki, bu yeniliyi çox faydalı hesab edir:

“Mən ayda bir-iki dəfə metro kartımı itirirəm, sonra yenisini almaq üçün əlavə vaxt və pul xərcləyirəm. İndi tələbə kartı ilə ödəniş imkanı olsa, çox rahat olacaq. Həm cibim, həm əsəblərim qurtaracaq”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Murad Əliyev isə bu addımı tələbələr üçün atılmış gecikmiş, amma vacib bir yenilik kimi qiymətləndirdi:

“Əslində, bunu çoxdan etmək lazım idi. Dünyanın bir çox ölkəsində tələbə kartları həm identifikasiya, həm də nəqliyyat ödənişi üçün istifadə olunur. Bizdə də nəhayət ki, bu addım atıldı”.

Digər respondent, ADPU tələbəsi Ləman Məmmədova bu sistemin tələbələrə endirimli gediş imkanı yaradacağına ümid etdiyini bildirdi:

“Əgər bu kartlarla gediş haqqı tələbələr üçün endirimli olarsa, çox yaxşı olar. Onsuz da tələbələrin xərcləri çoxdur. Bu, həm maddi baxımdan, həm də motivasiya baxımından böyük dəstək olar”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Rauf Həsənov isə layihəni tələbələrin rahatlığı üçün müsbət bir dəyişiklik kimi dəyərləndirdi:

“Axır ki, biz tələbələri də düşündülər. İndi ayrıca metro kartı gəzdirib, balans yükləməyə ehtiyac qalmayacaq. Kartı itirmək riski də azalır. Hər şey bir sistemdə cəmləşir”.

Sorğudan belə nəticə çıxır ki, tələbə kartları ilə ödəniş sistemi gənclər tərəfindən müsbət qarşılanır və layihənin uğurla həyata keçəcəyi təqdirdə, tələbələrin gündəlik həyatına əhəmiyyətli rahatlıq gətirəcək.

Nuriyyə NATİQQIZI

Chosen
49
2
redaktor.az

3Sources