Elşad Həsənov: “Bundan sonra PKK terrorçularının güclü şəkildə birləşib Türkiyəyə qarşı mübarizə aparması ehtimalı...”
PKK silahlı qüvvələrinin Türkiyədən çıxarıldığını elan edib. Partiya bildirib ki, PKK Türkiyə hökuməti ilə sülh prosesinin bir hissəsi olaraq silahlı qruplarını Türkiyə ərazisindən çıxarır. Ankara bu addımı alqışlayıb.
Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlı qüvvələrinin Türkiyədən çıxarıldığını elan etdiyi bəyanat (PKK rəhbərliyinin bəyanatı) 26 oktyabr - bazar günü partiyaya bağlı ANF xəbər agentliyi tərəfindən yayımlanıb. Orada silahlı qüvvələrin Şimali İraqa köçürüləcəyi dəqiqləşdirilib.
Bəyanatda bu addımın PKK ilə Türkiyə hökuməti arasında sülh prosesinin bir hissəsi kimi atıldığı vurğulanır. Həmçinin, Ankara hökumətini sülh müqaviləsinin öz hissəsini həyata keçirməyə və kürdləri inteqrasiya edən qanunlar qəbul etməyə çağırır.
Türkiyə PKK-nın İraqa hərbi qüvvə göndərilməsi ilə bağlı açıqlamasını alqışlayır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK silahlı qüvvələrinin ölkədən çıxarılması ilə bağlı açıqlamanı "terrorizmə qarşı mübarizədə mühüm addım" kimi alqışlayıb.
May ayında PKK rəhbərliyi partiyanın təşkilati strukturunu ləğv etmək və "silahlı mübarizədən istifadəni dayandırmaq" qərarını elan etdi. Bu qərar Mərmərə dənizindəki bir türk adasında ömürlük həbs cəzası çəkən partiya lideri Abdullah Öcalanın çağırışına uyğun olaraq qəbul edildi. İyul ayında PKK tərksilah prosesinə başladı.
Kürdüstan Fəhlə Partiyası (PKK) 1978-ci ildə Türkiyədə təsis edilib. O, Türkiyə dövlətinə qarşı və kürd hüquqları uğrunda mübarizə aparır. AFP-nin məlumatına görə, PKK ilə Türkiyə ordusu arasında gedən döyüşlərdə təxminən 45.000 insan həlak olub. 2013-cü ildə atəşkəs elan edilib, lakin sülh prosesi 2015-ci ilin yayında dayandırılıb.
Almaniyada PKK 1993-cü ildən bəri ekstremist təşkilat kimi tanınır. O, həmçinin ABŞ, AB, Böyük Britaniya, Kanada və Avstraliya tərəfindən terror təşkilatı hesab olunur.
Hesab edilə bilərmi ki, PKK-nın Türkiyədən çıxması ümumən PKK probleminin həlli deməkdir? Çünki öncədən Türkiyə hakimiyyəti bəyan etmişdi ki, onlar Suriyada, İraqda da tərksilah olunmalıdır. İndi Türkiyədən çıxan PKK terrorçuları hansı ölkəyə toplaşacaqlar? Nə kimi ehtimallar var?
“Türkiyədən çıxan PKK İraqa, Suriyaya keçsə də, gələcəkdə onlar silahlı toqquşmalar yaratmaqla, terror törətməklə dövlətə təsir etməyin mümkün olmadığını başa düşəcəklər”
Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Kürd Fəhlə Partiyasının lideri Abdullah Öcalanın çağırışına partiyanın rəhbərliyi cavab verdi və onlar silahlı mübarizəni dayandırmaq, eyni zamanda partiyanın təşkilat strukturunun buraxılması haqqında bu ilin may ayında qərar qəbul etdilər. “Bu doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı böyük siyasətin nəticəsində oldu. 1978-ci ildə yaradılan Kürd Fəhlə Partiyası bu illər ərzində çoxlu qanlar töküb, hər iki tərəfdən ümumilikdə 45 mindən çox insan həlak olub. Abdullah Öcalan illərdir ki, ömürlük həbs çəkir. O başa düşdü ki, silahlı mübarizə kürd xalqına daha böyük ziyan vurur, nəinki onların hüquqlarını qoruyur. Bu mənada məsələnin bu cür həlli çox yüksək qiymətləndirilir. Hesab edirəm ki, daxildə millətçi qarşıdurmalara səbəb olmuş terror təşkilatının özünü buraxması, terrorsuz Türkiyəyə nail olunması qardaş ölkənin çox böyük siyasi, diplomatik gedişi idi. Biz buna çox sevinirik.
O dövrdə Türkiyə rəhbərliyi bildirdi ki, Suriyada və İraqda PKK terror təşkilatı silahı yerə qoymalıdır, onlar da Türkiyəyə qarşı döyüşməyi dayandırmalıdır. İndi PKK-nın yaraqlı dəstələri Türkiyəni tərk edirlər. Onlar Türkiyədən, təbii ki, İraqa, Suriyaya gedəcəklər. Gələcəkdə onlar hansı təsirlərə düşəcəklər, hansı siyasi qruplaşmaların əlində olacaqlar? Hazırda Suriyada terrorçu kürd təşkilatları var, onlara ABŞ hamilik edir. Baxmayaraq, Donald Tramp bəyan etmişdi ki, biz ordan çıxmalıyıq və heç kəsi silahlandırmalı deyilik. Ancaq görünür ki, siyasi konyunktura buna hardasa imkan vermir. İraqın Şimalında yerləşən terror təşkilatların hamısı məhv edilməyib, onlar hələlik mübarizə aparırlar. Yəni bu baxımdan, PKK terror təşkilatı Türkiyədən çıxsa da, gələcəkdə Türkiyəyə, Türkiyənin siyasətinə qarşı hansısa ölkənin əlində alət ola bilərlər. Bildiyiniz kimi, Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıblar və o dövlətlər bu terror təşkilatına qarşı işlər aparırlar. Ancaq baxın, PKK-nı terror təşkilatı kimi tanısa da Suriyada ABŞ həmin terrorçu təşkilatı dəstəkləyir, onlara silah-sursat verir. Bu belə şərh olunmalıdır ki, belə dövlətlər öz əllərində təzyiq rıçaqlarını saxlamaq istəyirlər”.
Bununla belə, E.Həsənov hesab edir ki, artıq dünya dəyişir, terrorla böyük ölkələrə təsir etmək çətindir, mümkünsüzdür: “Ona görə də hesab edirəm ki, Türkiyədən çıxan PKK İraqa, Suriyaya keçsə də, gələcəkdə onlar silahlı toqquşmalar yaratmaqla, terror törətməklə dövlətə təsir etməyin mümkün olmadığını başa düşəcəklər.
Bu gün Türkiyədə dövlət vəzifələrində təmsil olunan, Türkiyə dövlətinin, hökumətinin siyasətini dəstəkləyən kürdlər Türkiyənin güclənməsi üçün əllərindən gələni edirlər. Bu mənada həmin kürdlər dövlət qurumlarında çalışırlar, biznesdə də çox önəmli yer tuturlar. Kimlər ki Türkiyəyə qarşı terror hadisələri törədir, onlar da etidikləri əməllərə görə cəzalarını alırlar. Hesab edirəm ki, Türkiyədən çıxan PKK-çılar İraqın şimalına gedəcək, bəziləri Suriyada olan kürd terror təşkilatlarına qoşulacaq, bəziləri də silahlarını təhvil verib həmin ölkələrdə yaşayacaq. Bundan sonra PKK terrorçularının güclü şəkildə birləşib Türkiyəyə qarşı mübarizə aparması ehtimalı yoxdur, bu gözlənilmir”.
İradə SARIYEVA