Məhəmməd Əsədullazadə: “Trampın Putinlə görüşü daha çox onun öz istəyindən irəli gəlirdi”
2025-ci ilin əvvəllərində ABŞ Dövlət Departamentinin Daxili Kəşfiyyat Xidməti, Mərkəzi Kəşfiyyat İdarəsinin daha müsbət qiymətləndirməsindən fərqli olaraq, Vladimir Putinin Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq istəyinə şübhə ilə yanaşdığını bildirib.
"The Wall Street Journal" bu barədə mənbələrinə istinadən məlumat yayıb.
WSJ-nin məlumatına görə, Donald Tramp administrasiyasının fəaliyyətə başladığı dövrdə ABŞ rəsmiləri dəfələrlə Ukraynadakı vəziyyətlə bağlı kəşfiyyat analitiklərindən Putinin Ukraynadakı məqsədlərini müəyyənləşdirmələrini və müharibəyə son qoymaq üçün danışıqlar aparmaq istəyini qiymətləndirmələrini istəyib. Məlum olub ki, Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri ABŞ prezidentinin Putinlə danışıqlar üçün imkanlar tapa biləcəyi qənaətinə gəliblər.
Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqat Bürosunun (INR) analitikləri isə Kremlin ağasının maksimalist tələblərindən imtina etmək istəməyəcəyi qənaətinə gəlib. Nəşrin məlumatına görə, bu qiymətləndirmələr hətta Putin və Tramp arasında Alyaskada keçiriləcək görüşdən əvvəl də hazırlanıb.
Onu da qeyd edək ki, 2022-ci ildə Ukraynada müharibə başlayanda Rusiya kəşfiyyatı faktiki Putini aldatmışdı. Kəşfiyyat Putini əmin etmişdi ki, Rusiya 6 gün ərzində bütün məqsədlərinə çatacaq, amma bu baş vermədi. İndi də ABŞ-da MKİ-nin məlumatları ilə Dövlət Departamentinin Daxili Kəşfiyyat Xidmətinin məlumatları arasında fərqlər var. O baxımdan belə demək mümkündürmü ki, ABŞ kəşfiyyatı olan MKİ əslində Trampı aldadır?
“Ancaq Putinə gəldikdə isə, bəli, Rusiya kəşfiyyatı onu aldadıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Trampın MKİ-nin narrativləri ilə hərəkət etməsi real görünmür: “Əgər Tramp həmin narrativlərlə hərəkət etsəydi, ümumiyyətlə Putinlə görüşə getməzdi. Trampın Putinlə görüşü daha çox onun öz istəyindən irəli gəlirdi. Tramp çox çalışdı ki, Putinlə görüşsün və müəyyən bir ortaq məxrəcə gəlsin. Əslində Pentaqon, MKİ, Dövlət Departamenti Trampın Putinlə görüşməsində maraqlı olmayıb. Sadəcə, Trampın iradəsinə təsir edə bilməyiblər. Bu baxımdan "The Wall Street Journal" nəşrinin Trampla bağlı yaydığı məlumat o qədər də real görünmür. MKİ-nin guya görüşün müsbət keçəcəyi ilə bağlı onu əmin etməsi də o qədər inandırıcı görünmür. Ümumiyyətlə, Tramp kəşfiyyatın rəyini nəzərə alaraq hərəkət etsəydi, Putinlə görüşə getməzdi. Ukraynaya silah yardımını daha da artırardı. Ancaq Putinə gəldikdə isə, bəli, Rusiya kəşfiyyatı onu aldadıb. Putini əmin ediblər ki, Ukrayna müqavimət göstərməyəcək, Qərb silah yardımı etməkdən çəkinəcək. Hətta indinin özündə də Putini aldadırlar. Putinə cəbhə xətti ilə bağlı yalan məlumat verirlər. Reallıq ondan ibarətdir ki, Rusiya tamamilə fərqli istiqamətdə idarə edilir. Putin daha çox dövlət bürokratiyasına güvənərək, onların narrativləri ilə hərəkət edir. Tramp isə daha çox müstəqil qərar verməyə çalışır, biznes maraqlarından çıxış edir”.
Vidadi ORDAHALLI