BAKI,TurkicWorld
Konstitusiya sadəcə bir hüquqi mətn deyil, o, dövlət və vətəndaşlar arasında etimadı, millətin ortaq dəyərlərini və suverenliyini təmin edən sənəddir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
Ş.Ayrım bildirib ki, ali qanunun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşamaq əzmini əks etdirməkdədir:
"Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və ondan sonrakı 23 saatlıq antiterror əməliyyatı ilə yalnız öz torpaqlarını deyil, həm də konstitusion quruluşunu və suverenliyini bərpa edib. Bu qələbə Konstitusiyada təsdiq olunmuş və Azərbaycan Respublkikasının müstəqil, demokratik, dünyəvi prinsiplərinin tarixdə ən gözəl təzahürüdür".
O, Azərbaycanla Türkiyənin qardaşlığının daimi olacağını vurğulayıb:
"Azərbaycanın böyük nəaliyyətləri Türkiyədə qardaşlıq hissləri, dərin minnətdarlıq və sevinclə qarşılanır. Prezident Rəcəb Tayyib Ərdoğanın hansısa beynəlxalq tədbirdə Azərbaycanı yad etmədən o iclası başa çatdırması mümkün deyil. Hər zaman yan-yana, birlikdə iki qardaş olaraq çiyin-çiyinə işlər görüldü, bu gün də, sabah da, əbədiyyən can Azərbaycan, türkiyə münasibətləri ən yüksək səviyyədə davam edəcək".