BAKI, 29 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Nizami Rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı günü” tədbiri keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə ADA Məktəbinin şagirdləri və müəllimləri iştirak ediblər.
“Açıq qapı günü”nün keçirilməsində əsas məqsəd məktəblilərin hərtərəfli inkişafına, fiziki və mənəvi baxımdan sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına, yanğın təhlükəsizliyi biliklərinin artırılmasına, həmçinin yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Tədbir zamanı iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik iş rejimi, hissənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib, əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə təqdim olunub. Praktik hissədə şərti yanğının “söndürülməsi” və “itmiş şəxsin” xüsusi təlim görmüş it vasitəsilə tapılması əməliyyatları məktəblilərin böyük marağına səbəb olub.
Eyni zamanda, tədbir iştirakçıları fövqəladə hallar zamanı istifadə olunan yanğınsöndürmə və qəza-xilasetmə texnika və avadanlıqları ilə tanış olublar, təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.