EN

Tır, kamaz, maşın, motosikl, moped... Ənənə davam edir: Skuter sürücüləri təhlükə mənbəyinə çevrilir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın küçə və prospektlərində son illər fərdi elektrik nəqliyyat vasitələrinin, xüsusilə skuterlərin və elektrik velosipedlərinin sayında ciddi artım müşahidə olunur. Bu, bir tərəfdən müasir şəhər mədəniyyətinə inteqrasiya və ekoloji təmiz nəqliyyata keçid baxımından müsbət hal kimi qiymətləndirilsə də, digər tərəfdən qaydalara əməl etməyən istifadəçilərin çoxalması ciddi narahatlıq doğurur.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də məsələ ilə bağlı skuter sürücülərinə rəsmi müraciət edərək xəbərdarlıq edib. Qurum bildirir ki, yol hərəkəti qaydalarına əməl etməmək, piyada zolaqlarında və avtomobil yollarında təhlükəli hərəkət, eləcə də qoruyucu vasitələrdən istifadə etməmək həm sürücülərin öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoyur.

Hazırda Bakıda skuter istifadəçilərinin əksəriyyəti nə sürət, nə də hərəkət istiqamətinə dair tələblərə riayət etmir. Bəzi hallarda skuterlərlə avtomobil zolaqlarına daxil olunur, bəzən isə piyada səkilərində hərəkət edərək piyadaların həyatını təhlükəyə atırlar. Nəticədə son aylarda skuterlərlə bağlı yol-nəqliyyat hadisələrinin sayı artıb.

Mütəxəssislərin fikrincə, bu vəziyyətin yaranmasının əsas səbəbi qanunvericilikdə boşluqların qalması və nəzarət mexanizminin yetərincə formalaşmamasıdır. Çünki bu tip nəqliyyat vasitələri hələ ki, avtomobil və ya motosiklet kimi qeydiyyata alınmır, sürücülük vəsiqəsi tələb olunmur.

Skuter istifadəsi Avropa və dünyanın bir çox şəhərlərində artıq nəqliyyatın ayrılmaz hissəsinə çevrilib. Lakin orada bu vasitələr üçün ayrılmış zolaqlar, təhlükəsizlik kaskası məcburiyyəti və ictimai maarifləndirmə proqramları mövcuddur.

Bakı kimi sıx hərəkətli bir şəhərdə isə mədəniyyət formalaşmadan bu nəqliyyat növünün artması, həm təhlükəsizlik, həm də ictimai narazılıq baxımından risklidir.

Şəhər nəqliyyatında müasir tendensiyalara uyğunlaşmaq vacib olsa da, qanun və mədəniyyət formalaşmadan bu dəyişiklik təhlükəyə çevrilə bilər. Skuter və digər fərdi nəqliyyat vasitələri yalnız qaydalara əməl olunduğu halda “yaşıl” və rahat nəqliyyat növü kimi fayda verə bilər. Əks halda, sürətli şəhər ritmi içində təhlükənin yeni adı “skuter” olacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
bizimyol.info

1Sources