EN

Mərkəzi Bank ilə Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin (SÖPTNA) sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov SÖPTNA nümayəndə heyətini qəbul edib. Görüşdə qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin sığorta sektorlarının inkişaf dinamikası, rəqəmsallaşma trendləri və gələcək perspektivləri müzakirə olunub.

Görüşün sonunda Mərkəzi Bank ilə SÖPTNA arasında sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi iki qurum arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsi, eyni zamanda texniki yardım üçün hüquqi çərçivənin formalaşdırmasından ibarətdir.

Memorandum sığorta və təkrarsığorta bazarlarının bütövlüyünü və səmərəliliyini artırmaq, eləcə də bazara nəzarət funksiyalarının həyata keçirilməsində qarşılıqlı məsləhətləşmələrin aparılmasına xidmət edəcək. Eyni zamanda, hər iki ölkənin sığorta bazarı üçün normativ hüquqi bazanın inkişafına dəstək məqsədilə təlim və texniki yardım ehtiyaclarının təmin edilməsi diqqətdə saxlanılacaq. Bu məqsədlə tərəflər arasında sığorta bazarının inkişafı istiqamətində təlim proqramları, seminarlar, internatura və texniki yardım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanmış Memorandum qardaş ölkələrin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Chosen
38
2
teleqraf.com

2Sources