EN

Avropa İttifaqının içində “anti-Ukrayna bloku”?...


Ramil Hüseynov: “Bu cür təşəbbüslər kardinal dəyişikliklərə səbəb olmayacaq”

Macarıstan Çexiya və Slovakiya ilə birlikdə Avropa İttifaqı (Aİ) daxilində yeni bir siyasi blok yaratmaq niyyətindədir ki, bu da Kiyevə dəstəyi əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Bu barədə POLITICO-da dərc olunan məqalədə bildirilib.

Macarıstan Baş nazirinin müşaviri Balaş Orban Budapeştin növbəti Aİ sammitindən əvvəl mövqeləri əlaqələndirmək üçün Çexiya və Slovakiya liderləri - müvafiq olaraq Andrey Babiş və Robert Fitso ilə danışıqlar apardığını təsdiqləyib. Onun sözlərinə görə, ideya sadədir. “Biz miqrasiya böhranı zamanı bu prinsip üzrə artıq uğurla hərəkət etmişdik”, - deyə müşavir bildirib. Daha sonra dörd ölkə (Macarıstan, Çexiya, Slovakiya və Polşa) Brüsselin təşəbbüslərini bloklaya bilib. Hazırkı vəziyyət də oxşardır - yalnız Polşa yeni blokda iştirak etmir.

Əgər uğur qazanılarsa, üç ölkə blokunun Avropa İttifaqından Ukraynaya gələcək hərbi və maliyyə yardımının qarşısını almaq üçün veto hüququndan istifadə edəcəyi və ya koalisiyalar quracağı ssenarisi mümkündür.

Bəzi ekspertlər qeyd edir ki, xüsusən də müharibədən və onunla əlaqəli iqtisadi nəticələrdən narazı olan qonşu ölkələrin Brüsselə artan təzyiqi nəzərə alınmaqla, belə bir birləşmə Aİ-nin birliyi və Ukrayna ilə bağlı siyasəti üçün ciddi sınaq ola bilər.

“Nəzərə almaq lazımdır ki, Ukraynaya əsas hərbi-siyasi, iqtisadi yardım göstərən Avropanın aparıcı ölkələridir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu cür birgə təşəbbüslər Avroittifaqın vahidliyinə, Ukrayna ilə bağlı siyasətinə zərər vursa da, kardinal dəyişikliklərə səbəb olmayacaq: “Əvvəla, Avropa İttifaqında bəlli ölkələrin Ukraynaya hərbi, iqtisadi yardımlara qarşı olması yeni bir şey deyil. Macarıstanla Slovakiya əvvəldən Aİ-nin Ukraynaya yardım etməsinə qarşı olub. Çexiyada Andrey Babiş seçkilərdə qalib gələndən sonra bu ölkənin Ukrayna ilə bağlı siyasətini dəyişəcəyini bəyan edib. Ümumilikdə, Aİ-də əhalinin müəyyən hissəsi Ukraynaya edilən yardımlara qarşıdır. Bu səbəbdən bir sıra ölkələrdə sağ radikal partiyaların timsalında bir yüksəliş var. Ancaq nəzərə almaq lazımdır ki, Ukraynaya əsas hərbi-siyasi, iqtisadi yardım göstərən Avropanın aparıcı ölkələridir. Həm Aİ-də, həm də bu qurumda təmsil olunmayan aparıcı dövlətlər prosesin içindədir. Böyük Britaniya Aİ-nin üzvü deyil, amma Ukraynaya yardım edən əsas dövlətlərdən biridir. Avropada Ukraynaya ən çox yardım edən ölkə Almaniyadır. İndiyə qədər 20 milyard avrodan çox yardım edib. ABŞ-dan sonra Ukraynaya ən çox yardım edən ölkə Almaniyadır. Avropanın “İstəklilər koalisiyası”nda 26 altı ölkə təmsil olunur. Həmin ölkələrin Ukraynaya yardımları azalmır. Əksinə, ABŞ-dan silah alaraq Ukraynaya ötürürlər. Polşa ilə Ukrayna arasında bir sıra məsələlərdə fikir ayrılıqları var. Ancaq düşünmürəm ki, Varşava Ukraynaya yardımın kəsilməsinə tərəfdar olsun. Ən azından ona görə ki, Ukraynanın müqaviməti çöksə, Rusiyanın növbəti hədəfi Polşa və Baltik ölkələri olacaq. Onlar bunun fərqindədilər. Ona görə də Macarıstan, Slovakiya və Çexiyanın bu məsələdə mövqeyinin həlledici olacağını düşünmürəm”.

Vidadi ORDAHALLI

Chosen
24
baki-xeber.com

1Sources