EN

Azərbaycan dünyada ən az dindar ölkələr arasında 5-ci yerdə?..


Tural İrfan: “Ölkədə ibadət yerlərinin sürətlə artması, ibadət evlərinin müxtəlif ayinlər zamanı dolub-daşması sübut edir ki, dinsizlik Azərbaycanda minimum həddədir”

ABŞ-da yerləşən “Pew" Araşdırma Mərkəzi dünyanın ən az dindar ölkələrinin siyahısını açıqlayıb. Siyahıya görə, Çin birinci sırada yer alıb. Xoşbəxtlik səviyyəsi ilə tanınan Norveçdə əhalinin 62%-i özünü dindar hesab etmir. Dünyanın ən sıx əhalili ölkələrindən Vyetnamda əhalinin 63%-i dindar olmadığını bildirib.

Maraqlı məqam ondan ibarətdir ki, ən az dindar ölkələr siyahısında Azərbaycan da var. Azərbaycan 64% nisbətilə ən az dindar ölkələr siyahısında 5-ci sırada yer alıb.

Sorğunun nəticələri ölkəmizdə geniş müzakirələrə səbəb olub.

“Dövlətin də dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafına böyük töhfələri, dəstəyi var, Azərbaycanın dinsiz ölkələrdən olduğunu iddia etmək qərəzli və absurddur”

Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzən qeyri-dəqiq statistikalar yayılır: “Şübhəsiz ki, bunlar Qərbin gizli ideoloji institutlarının maraqlarına xidmət edir, bəzən də nəbz yoxlamaq xarakteri daşıyır. Azərbaycanın dinsizliklə bağlı 5-ci yerdə olduğu statistikanı hansı təşkilatın apardığını bilmirəm, amma bu qeyri-dəqiq məlumata oxşayır. Əhali arasında haçan rəy sorğusu keçirilib, inancı barədə dəqiqləşdirmə aparılıb, bu məlum deyil. Mən əksini hesab edirəm. Belə ki, müşahidələr göstərir ki, Azərbaycan xalqının böyük əksəriyyəti dinə inanır. Demək olar ki, hamısı da Allaha inanır. Sadəcə, bu inanc fərqli şəkildə ola bilər. Azərbaycan xalqı heç Sovet hakimiyyəti zamanında, ateizmin hakim olduğu dövrdə belə dinsiz olmayıb. Hazırda ateizm də ölkəmizdə çox zəifdir. İnsanlar xurafata, mövhumata daha çox meyl etsə də, dinsiz deyil. Ölkədə ibadət yerlərinin sürətlə artması, ibadət evlərinin müxtəlif ayinlər zamanı dolub-daşması, ziyarətgahlara üz tutanların kütləviləşməsi sübut edir ki, dinsizlik Azərbaycanda minimum həddədir. Xalqımız hələ ki, heyvan kəsəndə yönünü qibləyə çevirirsə, ölüsünü kəfəndə dəfn edirsə, oğul övladını sünnət edirsə heç bir dinsizlikdən söhbət gedə bilməz. Lakin bununla yanaşı dövlətimiz dünyəvi, hüquqi dövlətdir. Vətəndaşların istənilən dinə inam bəsləməsi azaddır. Sadəcə bu, dövlətə, qanuna, hüquqa zidd olmamalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəmizdə müsəlmanlarla yanaşı yəhudi və xristian icmaları da fəaliyyət göstərir, digər konfessiyalar da mövcuddur. Xristianlığın həm katolik, həm də pravoslav təriqətləri fəaliyyət göstərir, mənsubları var: “Bir sözlə, ölkəmizdə dini dəyərlər yaşadılır. Məlumdur ki, burda Azərbaycan İlahiyyat İnstitutu, Bakı İslam Kolleci fəaliyyət göstərir. Azərbaycan dinlə bağlı müxtəlif mövzularda beynəlxalq simpozium və konfranslara ev sahibliyi edir. Dövlətin də dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafına böyük töhfələri, dəstəyi var. Odur ki, Azərbaycanın dinsiz ölkələrdən olduğunu iddia etmək qərəzli və absurddur. Əgər dəqiq araşdırma aparılsa, Azərbaycan ən inanclı ölkələr arasında yer ala bilər. Lakin inancla dindarlıq ayrılmalıdır. Dindar deyərkən dini ayinlərə tam riayət edənlər nəzərdə tutulsa belə, yenə də bu göstərici yanlışdır”.

Günel CƏLİLOVA

Chosen
41
baki-xeber.com

1Sources