ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Çərşənbə axşamı Yamaykanın cənub-qərb sahillərini 5-ci kateqoriyalı “Melissa” qasırğası vurub. Təbii fəlakət nəticəsində Karib hövzəsinin şimal hissəsində azı yeddi nəfər həyatını itirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Haiti, Dominikan Respublikası və Yamayka da daxil olmaqla bir neçə ölkədə ölüm halları qeydə alınıb.
ABŞ Milli Qasırğalar Mərkəzinin məlumatına görə, axşam saatlarında qasırğanın “gözü” Yamaykanın qərb hissəsinin üzərində olub və şimal-şərq istiqamətində təxminən 13 km/saat sürətlə hərəkət edib.
Proqnozlara əsasən, “Melissa”nın nüvəsi yaxın saatlarda Kubanin cənub-şərq bölgələrindən və mərkəzi Baham adalarından keçəcək. Fırtına dalğasının (dəniz səviyyəsinin qəfil qalxması) dağıdıcı dalğalarla müşayiət olunacağı bildirilir.
Yamaykada təxminən 1,5 milyon insan birbaşa qasırğanın təsirinə məruz qalıb. Kuba hakimiyyətinin məlumatına görə, 600 mindən çox sakin təxliyə edilib.
“Melissa” qasırğasının yavaş hərəkəti bəzi ərazilərdə uzunmüddətli intensiv yağıntılara, nəticədə isə daşqın və torpaq sürüşməsi riskinin artmasına səbəb ola bilər.
Xatırladaq ki, “Melissa” müşahidələr tarixində Atlantik hövzəsində quruya çatan ən güclü qasırğalardan biri hesab olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.