EN

Vardanyanın məhkəməsi dünya tərəfindən izlənilir

Narahatlığa əsas yoxdur, separatçılar, terrorçular layiq olduqları ən sərt cəzanı alacaqlar

“Vardanyanın vəkildən imtina etmək haqqı olsa da, dövlətimiz bu şəxsləri vəkilsiz qoymur" 

Azərbaycan məhkəməsində mühakimə olunan separatçı Ruben Vardanyan müdafiəçisi Avraam Bermandan imtina edib. Həmçinin bildirib ki, özünün başqa bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Bundan sonra ona Emil Babışov adlı yeni vəkil təyin olunub. Vardanyan buna etiraz etməyib. Qeyd edək ki, yəhudi əsilli Avraam Berman erməni mətbuatının ən çox bəhs etdiyi azərbaycanlıdır. Emil Babışov isə Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Beynəlxalq Universitetinin məzunu E.Babışov 5 ildir vəkillik fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasına sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda, cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini deyib. Növbəti məhkəmə prosesi noyabrın 4-də keçiriləcək. 

Hüquq müdafiəçisi Xəzər Teyyublu "Sherg.az"a deyib ki, Ruben Vardanyan və digərləri Azərbaycan qanunları ilə mühakimə olunurlar. Ekspert vurğulayıb ki, Qarabağdakı keçmiş separatçı rejimə dəstək vermiş R.Vardanyanın məhkəməsi sadə proses deyil: 

"Vardanyanın məhkəməsi dünya tərəfindən izlənilir. Əlbəttə, hansısa səbəbdən mühakimə olunan şəxsin öz vəkilindən imtina etməsi, onun müdafiəsini istəməməsi normaldır. Görünür, Vardanyan onun hüquqlarının A.Berman tərəfindən qorunmadığı qənaətinə gəlib və narazılıq edib. Nəticədə onun protesti qəbul edilib. Vəkildən imtina etmiş müttəhimin kimliyindən, törətdiyi cinayətlərdən asılı olmayaraq dövlət tərəfindən vəkillə təyin olunması hüquqi prosedurdur. Çünki mühakimə olunan şəxs özünün heç bir vəkillə müqaviləsinin olmadığını bəyan edib. Eyni zamanda dövlətimiz tərəfindən təklif olunan vəkilə də etirazını bildirməyib. Təbii ki, vəkillə müdafiə etdiyi şəxs arasında fikir ayrılıqları, ziddiyyətlər ola bilər. Amma hüquqi prosedur tələb edir ki, dövlət ittihamı qarşısında Azərbaycan qanunları ilə mühakimə olunan hər bir şəxs vəkillə mütləq təmin olunsun. Narahatlığa əsas yoxdur, separatçılar, terrorçular layiq olduqları ən sərt cəzanı alacaqlar. Vardanyanın vəkildən imtina etmək haqqı olsa da, dövlətimiz bu şəxsləri vəkilsiz qoymur". 
Chosen
33
1
sherg.az

2Sources