EN

İkinci Dünya müharibəsi sirləri: Qunduzlar niyə havadan bölgəyə atılmışdı?

BAKI, 30 oktyabr. TELEQRAF

İkinci Dünya müharibəsindən sonra ABŞ-də bir çox insan Aydaho ştatının mərkəzi Boysedən uzaqlaşıb Payett gölü və Mak-Koll kimi kənd yerlərinə köçmüşdülər.

Teleqraf xəbər verir ki, bu barədə “Discoverwildlife” yazıb.

Həmin bölgələrdə qunduzları geniş yayılmışdı, insanlar onların ağacları gəmirib bənd salmalarından narazı idilər, çünki bu, onların torpaqlarına təsir göstərirdi.

Aydaho ştatının Balıqçılıq və Ovçuluq Departamenti qunduzların ekosistem mühəndisləri kimi vacib rolu və su təchizatını sabitləşdirmək üçün süni bəndlər tikməkdənsə, onları başqa yerlərə köçürməklə nə qədər pula qənaət etmək olacağını anlayaraq, heyvanları öldürmək yerinə köçürmək qərarına gəldilər. Heyvanları ştatın mərkəzində yerləşən Sotut dağ silsiləsindəki Çemberlen hövzəsinə köçürmək planlaşdırıldı.

Maraqlıdır ki, qunduzları əvvəlcə atlar, qatırlar və yük maşınları ilə daşımağa cəhd etdilər, amma bu, dağlıq ərazilərdə çox vaxt aparırdı, konteynerlərdə onlar üçün həddindən artıq isti olurdu. Departamentin əməkdaşı Elmo V. Heter qeyri-adi bir fikir irəli sürdü: qunduzları müharibə dövründən qalan paraşütlərlə təchiz edilmiş taxta qutulara yerləşdirərək təyyarədən atmaq. Qutular yerə enəndə avtomatik açılırdı.

İlkin sınaqlarda Heter köhnə erkək qunduz - Ceronimo ləqəbli heyvanla təcrübələr apardı: onu paraşütlə bir neçə dəfə sınaq məqsədilə eniş meydançasına atdı. 1948-ci ilin avqustunda “Beechcraft” təyyarəsi səkkiz qunduz qutusu, pilot və təbiəti mühafizə mütəxəssisi ilə birlikdə havaya qalxaraq ilk eniş əməliyyatını həyata keçirdi. Sonrakı günlərdə ümumilikdə 76 qunduz paraşütlə Çemberlen hövzəsi yaxınlığına endirildi.

Vacib məqam odur ki, yalnız biri eniş zamanı öldü, qalanları yeni mühitdə fəaliyyətlərini davam etdirərək landşaftı dəyişdirdilər. Əməliyyat ümumilikdə uğurlu hesab edildi.

Qunduzların müsbət təsiri 2018-ci ildə bir daha özünü göstərdi: Sotuz Milli Meşəsindəki Litl-Vud çayının qolunda - Bo-Krik yaxınlığında baş vermiş meşə yanğını zamanı ətraf ərazilər məhv olsa da, qunduzların aktiv olduğu çay sahilləri demək olar ki, toxunulmaz qalmışdı. Hava çəkilişləri bitki örtüyü baxımından qunduzların olduğu və olmadığı bölgələr arasında kəskin fərqi göstərdi.

Hadisənin davamı 2015-ci ildə baş verdi, bir tarixçi 1950-ci illərdə çəkilmiş, uzun müddət itkin hesab edilən bu əməliyyata dair filmi tapdı.

Chosen
23
teleqraf.com

1Sources