BAKI, 30 oktyabr. TELEQRAF
Marsol Group-un təşkilatçılığı ilə 17–27 oktyabr tarixlərini əhatə edən Avropa səfəri uğurla başa çatıb.
Teleqraf xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarında təcrübə mübadiləsinin aparılması və biznes əməkdaşlığı imkanlarının artırılması olub.
Səfər Fransanın Lyon şəhərindən başlayaraq İsveçrənin Cenevrə, Bern, Chur, İtaliyanın Tirano, Almaniyanın Baden-Baden, Ştutqart və Berlin şəhərlərini əhatə edib. Proqram çərçivəsində iştirakçılar həm işgüzar, həm də səyahət yönümlü təcrübə qazanıblar.
Lyonda tarixi və memarlıq abidələrinə ziyarət təşkil olunub, Cenevrədə isə BMT-nin Avropa ofisi və “Broken Chair” abidəsi ilə tanışlıq baş tutub. Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərovla işgüzar görüş səfərin önəmli mərhələlərindən biri olub. Həmçinin “Bernina Express” marşrutu ilə Alp dağları boyunca təşkil edilən səyahət iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.
Almaniya mərhələsində Ştutqart şəhərində keçirilən Blechexpo 2025 – Beynəlxalq Sənaye Texnologiyaları Sərgisi ziyarət edilib. Burada iştirakçılar sənaye və istehsal texnologiyaları sahəsində ən son innovasiyalarla tanış olublar.
Səfərin son dayanacağı Berlin şəhəri olub. Burada Azərbaycanın Almaniyadakı səfirinin müavini Samir Rzayev və səfirliyin iqtisadi məsələlər üzrə attaşesi Əlvan Balaşovun iştirakı ilə azərbaycanlı və türkiyəli iş adamlarının qatıldığı işgüzar görüş keçirilib.
Görüş zamanı sahibkarlar arasında əməkdaşlıq, təcrübə mübadiləsi və Avropada biznes imkanları barədə fikir mübadiləsi aparılıb.
Paytaxtda 25–27 oktyabr tarixlərində həm ekskursiya proqramı, həm də bir sıra işgüzar görüşlər təşkil edilib. İştirakçılar Brandenburg Qapısı, Reichstag binası, Berlin Divarı və Berliner Dom kimi şəhərin simvolik məkanlarını ziyarət ediblər.
Marsol Group partnyorları, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən MAMA – “Ana Təbiət” beynəlxalq incəsənət sərgisində iştirak ediblər.
Berlin səfərinin son günündə Türk-Alman İşəgötürənlər Birliyində (TDU) işgüzar görüş baş tutub. TDU-nun sədri Remzi Kaplan qurumun fəaliyyəti və Almaniyada işgüzar mühit barədə məlumat verib. İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev isə Marsol Group-un fəaliyyəti, həyata keçirilən layihələr və səfərin məqsədləri barədə çıxış edib.
Tural Mustafayev səfərlə bağlı bildirib ki, bu təşəbbüs sahibkarlar üçün həm yeni biznes əlaqələrinin qurulması, həm də Avropanın iqtisadi və mədəni mühitini yaxından tanımaq baxımından əhəmiyyətli platforma olub. Onun sözlərinə görə, səfər həm işgüzar, həm də səyahət təəssüratları baxımından dəyərli təcrübə olub və bu kimi beynəlxalq təşəbbüslər Azərbaycan sahibkarlarının qlobal biznes mühitinə inteqrasiyasına mühüm töhfə verəcək.
Marsol Group gələcəkdə də yerli sahibkarların beynəlxalq təcrübə qazanması və əməkdaşlıq imkanlarının genişlənməsi istiqamətində layihələr həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, səfər “Amazon Travel” şirkətinin təşkilati dəstəyi ilə baş tutub.