EN

“Qələbəyə olan inam bizi irəli aparırdı” - qazi kəşfiyyatçı Kamran Əsədzadə

Füzuli, 30 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Kəşfiyyatçı Vətənin görünməyən sipəri, səssiz qəhrəmanıdır. Onlar hər addımda ölümün kölgəsi ilə üz-üzə qalsalar da, qorxunu deyil, Vətəni düşünürlər. Gecənin qaranlığında, soyuğun, aclığın və təhlükənin içində belə qəlbdə Vətən sevgisi şam kimi yanır. Bu sevgi onları irəli aparır, əldə olunan hər məlumat, atılan hər addım yüzlərlə insanın həyatını xilas edə bilir. Kəşfiyyatçılar üçün qəhrəmanlıq nümayiş deyil, səssiz xidmətdir.

Bu fikirləri Vətən müharibəsi qazisi, kəşfiyyatçı Kamran Əsədzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

1994-cü ildə Füzulinin Aşağı Yağlıvənd kəndində anadan olan Kamran Əsədzadə hələ uşaqlıqdan vətənpərvərliyi ilə seçilib. İdmanla məşğul olan, çevikliyi və cəsurluğu ilə fərqlənən Kamran həqiqi hərbi xidmətini də nümunəvi şəkildə başa vurub. O, hərb yolunu seçməsini Vətən sevgisi ilə izah edir: “Yeniyetmə və gənclik illərimdə bir sual məni daim düşündürürdü: torpaqlarımızı nə vaxt azad edəcəyik? Bilirdim ki, haqq savaşımız gec-tez olacaq. Bizim də rayonumuzun bir hissəsi işğal altında idi və Vətən torpaqlarına yalnız uzaqdan baxa bilirdik. Ona görə qərar verdim ki, hərbçi olum və Vətən keşiyində dayanım”.

Həqiqi hərbi xidmətdən sonra müddətdən artıq xidmətçi kimi ordu sıralarına qoşulan Kamran beş il kəşfiyyat bölməsində xidmət edib. Düşmən təxribatlarına hər zaman peşəkarlıqla cavab veriblər.

2020-ci il 27 sentyabr - Zəfər yolunun başlandığı gün isə Kamran üçün unudulmazdır: “Düşmən genişmiqyaslı təxribatlara başlayanda əks-hücum əmri aldıq. Bu, bizə inanılmaz güc verdi. Ordumuz qısa müddətdə düşmənin qurduğu maneələri yarıb irəlilədi. Bu döyüşlərdə iştirak etdiyim üçün fəxr edirəm”.

O, ilk uğurlu əməliyyatları xatırlayır: “Əbdürrəhmanlı istiqamətində düşmənin postlarını sızma yolu ilə ələ keçirdik. Daha sonra Kənd Horadiz istiqamətində əməliyyat oldu. Düşmənin pusqusunda olmağımıza baxmayaraq, itki vermədən vəziyyəti dəyişdik və onları məhv etdik. Qorqan, Dədəli, Kürdlər, İşıqlı və digər istiqamətlərdə də mühüm yüksəklikləri azad edərək nəzarəti gücləndirdik”.

Kamranın ən çətin döyüşü isə Musabəyli istiqamətində olub: “Sızma əməliyyatı zamanı gərgin döyüş gedirdi. Yoldaşım Şamil Əliyev şəhid oldu. Mən isə 3 güllə və 17 qəlpə yarası aldım. Ağrıya baxmayaraq, tapşırıq uğurla yerinə yetirildi və kənd azad edildi. Hospitalda olanda belə fikrim cəbhədə idi. Bilirdim ki, qələbə bizim olacaq”.

Qazi bildirir ki, bu yol həm şəxsi qürur, həm də tarixi borcdur: “Şəhidlərimizin ruhu, döyüş yoldaşlarımızın iradəsi bizi Qələbəyə apardı. Bu yalnız şəxsi xatirə deyil, torpaqlarımızın azadlığı uğrunda ümumi qəhrəmanlığın bir hissəsidir”.

Kamran Əsədzadə döyüşlərdə göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Chosen
19
1
azertag.az

2Sources