EN

Kilsə Azərbaycana qarşı: qapı-qapı düşüb...

Erməni revanşist düşüncəli kilsə xadimləri qapı-qapı gəzərək Bakıda mühakimə olunan hərbi canilərin azadlığa buraxılması mövzusunu müzakirə edirlər. Bu dəfə “Bakıda qeyri-qanuni saxlanılan erməni məhbusların azad edilməsi təcili imperativdir”, - deyə Kilikiyanın Böyük Evinin katolikosu Aram I Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə görüşü zamanı deyib. Eybner onların təşkilatının Ermənistanda və “artsax”da, eləcə də “Bakıda qanunsuz saxlanılan erməni məhbuslar adından gördüyü işləri” təqdim edib. 

Bundan əvvəl isə katolikos I Aram Kanada baş naziri ilə görüşdə bu məsələləri müzakirə etmişdi. 

Göründüyü kimi, kilsə indi də Araik və ortaqları olan hərbi canilərin beynəlxalq kampaniyasını aparır. Ümumiyyətlə, müxtəlif platformalarda keçirilən görüşlərdə, habelə bəzi Qərb təsisatlarının bəyanatlarında keçmiş xunta rejiminin terrorçu liderləri “siyasi girov” kimi təqdim olunur. 

Hüquq müdafiəçiləri, media, siyasi təşkilatlar bu kampaniyanı susdurmaq üçün hansı işləri görməlidirlər?

 

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, erməni kilsəsi bir daha öz mahiyyətini nümayiş etdirib. Bu qurumun missiyası dini dəyərləri təbliğ etmək yox, revanşizm ideologiyasını diri saxlamaq və separatizmi qlobal səviyyədə legitimləşdirməkdir: “Kilikyanın Böyük Evinin katolikosu Aramın son açıqlamaları və beynəlxalq təşkilatlarla görüşləri açıq şəkildə göstərir ki, bu kilsə artıq xaçı deyil, xəritəni, qondarma "artsax" xəritəsini müdafiə edir. O, dua etməyi unudub, xəritə ilə yürüyür. Aramın Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə görüşdə səsləndirdiyi fikirlər isə dini deyil, siyasi ritorikanın məhsuludur. Guya Azərbaycanda erməni “siyasi girov”lar saxlanılır. Halbuki bu şəxslər Qarabağda mülki əhaliyə, əsirlərə və uşaqlara qarşı cinayətlər törətmiş hərbi canilərdir. Onların hər biri açıq və ədalətli məhkəmə prosesində mühakimə olunur. Kilsənin bu cür bəyanatları dini fəaliyyətin yox, planlaşdırılmış siyasi kampaniyanın tərkib hissəsidir".

Kamran

Kamran Məmmədli 

Kamran Məmmədli vurğulayıb ki, erməni kilsəsi çoxdan dini missiyasını itirib və ideoloji-siyasi mərkəzə çevrilib: “Bu, əslində dini pərdə altında fəaliyyət göstərən siyasi lobbi mərkəzidir. "Xristian həmrəyliyi" pərdəsi altında onlar açıq şəkildə separatizmi müdafiə edir, beynəlxalq aləmdə Azərbaycanı təzyiq altında saxlamaq üçün kampaniyalar qururlar. Məqsəd aydındır, Qarabağda mülki əhalini qətlə yetirən, kəndləri yandıran, mina terroruna imza atan hərbi xunta üzvlərini “məhbus” kimi təqdim etmək, onların cinayətlərinə dini don geyindirməkdir. Amma Azərbaycan dövlətinin hüquqi qərarları heç bir kilsənin bəyanatı ilə ölçülmür. Aram istədiyi yerdə, istədiyi tribunadan danışa bilər. Bu, ölkənin suveren məhkəmələrinin qərarlarını nə dəyişə, nə də kölgəyə sala bilər".

Siyasi şərhçi bildirib ki, bu gün erməni kilsəsi “iman” yox, nifrət, revanşizm və saxta şəhidlik ideologiyası yayır: “Bu kilsə dini ayinlərin yox, nifrətin mərkəzinə çevrilib. Onlar məğlubiyyət sindromundan qurtulmaq əvəzinə, revanşizmi təbliğ edir, terrorçu rejimin ideoloqlarına "müqəddəs" donu geyindirirlər. Aramın fəaliyyəti dini xidmət deyil, siyasi təxribatdır. O, xaç altında nifrət yayır. Kilsə bu gün sülh və barış deyil, revanşizm və təxribat dili ilə danışır. Bu, dini lobbi müharibəsidir və onun hədəfi Azərbaycanın suverenliyidir".

Kamran Məmmədli hesab edir ki, belə məqamda Azərbaycan mediası və hüquq müdafiəçiləri susmamalıdır: “Aram və onun kimilər hər dəfə danışanda biz faktlarla cavab verməliyik. Hər dəfə onlar "məzlum ermənilərdən" söz açanda, biz Cenevrə konvensiyalarını xatırlatmalıyıq və deməliyik ki, bu şəxslər müharibə cinayətkarlarıdır. Onlar əsirləri işgəncə ilə öldürüb, minaları mülki yolların altına basdırıb, kəndləri yandırıblar. Azərbaycan məhkəməsində mühakimə olunanlar məhz bu əməllərə görə cavab verirlər. Kilsə isə bu cinayətkarları qorumaqla təkcə dini dəyərləri deyil, insanlıq anlayışını da tapdalayır".

Siyasi şərhçinin fikrincə, “erməni kilsəsi” dedikdə artıq dini məbəd deyil, nifrətin, saxtalığın və revanşist düşüncənin təbliğat ocağı başa düşülür: “Onlar xaçı siyasətin, İncil ayələrini isə təxribat bəyanatlarının yerinə qoyublar. Bu, artıq kilsə deyil, bir millətin revanşizmi üçün yaradılmış ideoloji qərargahıdır. Və biz həm cəmiyyət, həm media bu qaranlıq qərargahın əsl mahiyyətini ifşa etməyə davam etməliyik”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Chosen
17
musavat.com

1Sources