Bakı, 30 oktyabr, AZƏRTAC
Fransa polisi Luvr muzeyində qarət işi ilə bağlı beş yeni şübhəlini saxlayıb.
AZƏRTAC xəbər verir ki, RTL radiosu bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Saxlanılan şəxslərin oğurluqda mümkün rolu və onların cinayətdə birbaşa iştirakda ittiham olunan iki şübhəli ilə əlaqəsi barədə məlumat verilmir.
Xatırladaq ki, oktyabrın 19-da qarətçilər Luvr muzeyinə soxularaq fransız krallarına və imperatriçalarına məxsus tarixi zinət əşyalarını oğurlayıblar. Oğurluqdan dəymiş ziyan 88 milyon avro dəyərində qiymətləndirilir.
Fransa polisi oktyabrın 25-də iki şübhəlini saxlayıb. Dindirmə zamanı onlar qarətdə iştiraklarını “qismən etiraf ediblər”. Oktyabrın 29-da onlara qarşı cinayətkar qrupun tərkibində soyğunçuluq və cinayətkar qruplaşmada iştirak maddələri ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.