Olaylar.az "Indian Defence News"a istinadən xəbər verir ki, danışıqlar son mərhələdədir və bu addım Azərbaycanın Pakistan istehsalı olan 40 "JF-17C Block-III" qırıcılarını almasına cavab kimi qiymətləndirilir.
Qeyd olunur ki, bu müqavilə Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daha da güclənməsini göstərir. Son illərdə tərəflər artıq bir sıra müqavilələr bağlayıblar.
"Su-30MKI" qırıcıları Hindistan Hərbi Hava Qüvvələrinin əsas təyyarəsi sayılır. Təyyarələr iki ədəd AL-31FP mühərriki, müasir radar kompleksi və həm Hindistan, həm də Rusiya istehsalı silahları istifadə edə bilmə imkanları ilə tanınır.
Müqavilənin dəyərinin 2,5-3 milyard dollar arasında olması gözlənilir.
İlk mərhələdə 8-12 təyyarənin tədarükü, heyətin hazırlanması, yerüstü texnika və fərdi silahların inteqrasiyası planlaşdırılır. İlk təyyarələrin 2027-ci ilin sonuna qədər, bütün tədarükün isə 2029-cu ilə qədər tamamlanması nəzərdə tutulur.
Ermənistan üçün nəzərdə tutulmuş "Su-30MKI" modifikasiyası Hindistanın son yenilikləri ilə, Uttam AESA radar sistemi, uzun mənzilli Astra MK-1 və MK-2 raketləri, eləcə də DRDO tərəfindən hazırlanmış elektron mübarizə sistemi ilə təchiz olunacaq. (Musavat.com)
 
                        