Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Putinin Ukraynadakı müharibəyə son qoymaq istəməməsi səbəbindən Rusiyanın ən nəhəng iki neft şirkətinə - “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq edib. Bu sanksiyalar indiyədək Rusiyaya qarşı yönəldilən ən ağır və ağrılı sanksiyalardan biri hesab olunur.
Xüsusilə “Lukoil”-in bu sanksiyalardan daha ciddi zərbə alacağı bildirilir. Qeyd edək ki, zatən Ukrayna PUA-larının tez-tez baş verən hücumlarından ən çox ziyan çəkənlərdən biri məhz “Lukoil”-in neft infrastrukturu, zavodları və anbarlarıdır. Sanksiyalar isə şirkətin vəziyyətini daha da ağırlaşdırır.
Qərb mətbuatı yazır ki, bu sanksiyalar Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun neft səltənətinə son qoya bilər. Məsələn, “Forbes”-in iddiasına görə, 28 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı neft maqnatı olan Vahid Ələkbərovun onilliklər ərzində qurduğu neft imperiyası, son aylarını yaşayır. Qeyd olunur ki, ABŞ sanksiyalarına məruz qalan və Ələkbərovun 28% paya sahib olduğu “Lukoil”, 11 ölkədəki xarici aktivlərini məcburən satmağa başlayır: “Bunlara Bolqarıstan, Rumıniya və Hollandiyadakı neft emalı zavodları, Avropa Birliyindəki yanacaqdoldurma məntəqələri şəbəkəsi və Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Latın Amerikası, Qərbi və Mərkəzi Afrikadakı istehsal müəssisələri daxildir”.
Şirkətin keçmiş top meneceri isə “Politico” nəşrinə açıqlamasında deyib ki, “Lukoil bitdi". O, xarici aktivləri olmadan “Lukoil”-in gəlirinin 30%-ni itirəcəyini təxmin edir. Keçən il şirkətin gəlirləri 8,4 trilyon rubla çatmışdı ki, bunun da 1 trilyondan çoxunu “Lukoil” səhmdarlara ödəyib: “Neft sənayesi mütəxəssisinin nəslindən çıxan və SSRİ-nin Neft Sənayesi nazirinin son müavini olan Vahid Ələkbərov şəxsən ötən 2 milyard dollardan çox pul qazanıb. O, 1990-cı illərin səhm müqabilində kredit hərraclarından sonra varlanıb”.
“Sanksiyalar və məcburi satışlar səbəbindən indi “Lukoil” ümumi karbohidrogen istehsalının 15-17%-ni itirə bilər”. Bunu isə “Alfa Bank”-ın analitikləri bildiriblər. Onlar qeyd ediblər ki, “Lukoil” öz neftinin 6,5%-ni və qazının demək olar ki, tam yarısını xaricdə istehsal edir. 5000 yanacaqdoldurma məntəqəsi şəbəkəsini təmin edən xaricdəki neft emalı zavodları isə “Lukoil”-in ümumi neft emalı həcminin dörddə birini təşkil edir. “Alfa Bank” xəbərdarlıq edir ki, xarici aktivlərin itirilməsi "Lukoil”-in maliyyə göstəricilərinə çox əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.
Mütəxəssislər bildirir ki, Ələkbərov təxminən 10 milyard dollar dəyərində neft emalı zavodlarını, yanacaqdoldurma məntəqələrini və neft yataqlarındakı paylarını demək olar, dəyər-dəyməzinə satmalı olacaq. “Kasatkin Consulting” şirkətinin başçısı Dmitri Kasatkinin sözlərinə görə, “Lukoil” Rusiyaya "dost olmayan” ölkələrin yurisdiksiyalarındakı aktivlərinə 70%, neytral və dost yurisdiksiyalarda isə 50%-ə qədər endirim təklif etmək məcburiyyətində qalacaq.
ABŞ Xəzinədarlığı tərəfindən verilən lisenziyaya əsasən, “Lukoil” bütün əməliyyatları 21 noyabr tarixinə qədər başa çatdırmalıdır. Lakin hər şeyi bir ay ərzində satmaq qeyri-realdır. Kasatkinin sözlərinə görə, bu cür aktivlərin satışı üçün tipik müddət 6-12 aydır. Ona görə də “Lukoil” böyük ehtimalla lisenziyanın uzadılması üçün müraciət edəcək. Lakin bu müraciətə müsbət cavab veriləcəyi ehtimalı çox deyil.
Mütəxəssislər bununla yanaşı, hesab edirlər ki, “Lukoil”-in İraq, Qazaxıstan və Azərbaycandakı böyük istehsal müəssisələri onun mülkiyyətində qala bilər. Məsələn, Qazaxıstanın “Tengizchevronoil” şirkəti və “Lukoil”-in Xəzər Boru Kəməri Konsorsiumundakı payı ABŞ sanksiyalarından azad edilib. İraqda isə “Lukoil” Qərbi Qurna layihəsində qalmaq üçün payını azaltmağa məcbur olacaq. Qeyd olunur ki, çox şey şirkətin fəaliyyət göstərdiyi ölkələrin siyasi iradəsindən və Ələkbərova münasibətindən asılı olacaq.
“Lukoil”-in Rusiyada istehsal etdiyi və sonra Hindistana və Çinə ixrac etdiyi neftə gəldikdə isə onun gələcək taleyi 2026-cı ilin əvvəlinə qədər qeyri-müəyyən olaraq qalacaq. Çinə tədarük yəqin ki, davam edəcək, lakin hazırda ABŞ ilə ticarət danışıqları aparan Hindistanla problemlər yarana bilər. Çünki ABŞ Hindistanla anlaşmanın açıq şəkildə şərtlərindən birinin Rusiya neftindən imtina etmək olduğunu bildirib.
Bütün bunlar “Lukoil”-i olduqca ağır günlər gözlədiyindən xəbər verir. Şirkətin bu zərbələrdən nə qədər böyük itkilərlə çıxacağını, ümumiyyətlə, bu neft imperiyasının davam gətirə bilib-bilməyəcəyini yaxın aylarda görəcəyik.
C.Məmmədli