EN

Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcək TƏHLİL

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan hazırkı dönəmdə dünyanın ən güclü, qüdrətli dövlətlərindən hesab olunur. Elə bir beynəlxalq iqtisadi, sosial layihə yoxdur ki, orada Azərbaycanın imzası, reallaşması üçün rolu olmasın. Azərbaycan dünyada hökm sürən müharibələrin, daxili qarşıdurmaların da aradan qaldırılmasında xüsusi rola malikdir. Bu günlər cəmi 20 ölkənin təmsilçiliyi ilə təşkil olunan Misirin Şarm əl-Şeyx şəhərində Qəzzaya dair “Sülh sammiti”ndə Azərbaycanın da iştirak etməsi qeyd olunanlara misal ola bilər. Təbii ki, Azərbaycanın dünya miqyasında hesablaşan əsas güc mərkəzinə çevrilməsində Prezident İlham Əliyevin fenomen siyasi biliyə, iqtisadi, sosial savada malik olması mühüm rol oynayır.

Bu gün bütün dünya liderləri və xalqları Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim, dövlət rəhbəri olaraq tanıyır və qəbul edirlər. 2003-cü il president seçkiləri ərəfəsi Cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Vədə əməl olundu.

“Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”

2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən Müharibəsi Azərbaycan Prezidenti, Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyannamə ilə Ermənistan təslim olduğunu elan etdi. Ermənistanın diz çöküb, ağ bayraq qaldırmasının əsas səbəblərindən biri də Paşinyanın qısa müddət sonra Ermənistanın da mövcudluğuna son qoyula biləcəyini anlaması olmuşdur. Ona görə də, Paşinyan qorxu və vahimə içində beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin rəhbərlərinə Azərbaycanı dayandırmağı xahiş edir, yalvarırdı. Nəhayət, Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü və bunun fonunda Azərbaycan ordusu Qərbi Azərbaycan ərazilərinə qədər gedib çıxmaq fəaliyyətini müvəqqəti dayandırdı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizinin açılmasından keçir

Artıq heç bir münaqişə, milli problem qalmayıb. Azərbaycan öz gücü və qüdrəti hesabına BMT-nin işğal olunmuş ərazilərin boşaldılmasına dair qəbul etdiyi 4 qətnaməni yerinə yetirib. Böyük quruculuq, abadlıq, təmir –tikinti işlərindən sonra insanlar işğaldan azad edilən ərazilərə qayıdırlar. Bununla da o dogma yurd-yuvalara yeni həyat, yeni nəfəs verirlər. Biz Qalib Sərkərdə, Prezident İlham Əliyevin dediyi kimi əbədi olaraq Xankəndidə, Xocalıda, Şuşada, Ağdərədə, Laçında, Kəlbəcərdə və digər ərazilərdə yaşayacağıq. Əminliklə demək olar ki, Azərbaycanımızın bir parçası olan Zəngəzura da qayıdacağıq. Qətiyyətlə söyləmək olar ki, Qərbi Azərbaycana qayıdıb, orada yeni həyat quracağıq. Hələlik isə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər həyata keçirilir. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etsə, qısa müddət sonra dəhliz açılacaq və bununla da Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında əlaqə bərpa olunacaq. Həm də dünyanın əksər ölkələri dəhlizin imkanlarından istifadə etməklə milyardlarla maliyyə vəsaiti qazanmış olacaqlar. Xüsusilə də Türkiyə, Gürcüstan, indiki fars-molla rejimi, Ermənistan, Rusiya, Çin eləcə də Avropa ölkələri, həmçinin Ərəb dövlətləri faydalanacaq. Yəni Zəngəzur dəhlizi Asiya və Avropanın, ümumilikdə az qala bütün dünya ölkələrinin iqtisadiyyatına böyük təsir göstərəcək. Haqlı və əsaslı olaraq Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətə malik dəhliz olduğunu bildirib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının “China Media Group” korporasiyasının müxbiri ilə söhbətində Zəngəzur dəhlizinin üzərində çox fəal iş aparıldığını bildirib: “Azərbaycandan Türkiyəyə və Avropaya əlavə yol. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq tamamlanıb. Beləliklə, təkcə Bakı-Tbilisi-Qars yolu Azərbaycan ərazisindən deyil, Zəngəzur dəhlizindən də keçəcək. həm də işə salınacaq. Bir sözlə bütün bunlar əlavə yüklərin daşınması üçün başqa imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən, o cümlədən Gürcüstandan da daşımalar dəniz limanından keçəcək. Biz müəyyən investisiyaların qoyulmasın da çox maraqlıyıq. Bu sahədə imkanlar. Həqiqətən də, nəqliyyat sektorunda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, bu işlərin ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək etməsi vacibdir. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq. İnteqrasiya olacaq, biz dəhliz boyu çoxlu sənayelər yaratmağı planlaşdırırıq və biz sadəcə tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonaları yaratmaq istəyirik. Əslində biz bu istiqamətdə gedirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlayan İnstrumental Azad İqtisadi Zonamızda istehsal da Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, bu, təsəvvür etdiyinizdən daha böyük bir fürsətdir”.

Zəngəzur dəhlizinin açılması ilə irimiqyaslı ticarət dövriyyəsi reallaşacaq

İqtisadçıların gəldiyi qənaətə görə, Zəngəzur dəhlizinin reallaşması ilə Asiyanın, Avropanın, ümumilikdə dünyanın əksər ölkələri gömrük sərhəd-xidmətinə nəzarət etməklə milyardlarla maliyyə vəsaiti qazana biləcəklər. Dost, qardaş ölkə Türkiyə Çin Xalq Respublikasından daşınan malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Təbii ki, bu təklifin reallaşması regionun siyasi və strateji mənzərəsini dəyişməklə yanaşı iqtisadi maraqlarının təmin olunmasına imkanlara yaradar. Dəhlizə nəzarəti isə Azərbaycan həyata keçirməlidir. Düzdür ABŞ dəhlizə nəzarət etmək istəyində maraqlıdır. Hətta ərazidə bir sıra işlərin görülməsi və məntəqələrin qurulması üçün ABŞ tərəfinin maliyyə vəsaiti ayırdığı qeyd olunur. Ancaq qonşuluqda yerləşən Rusiya kimi irticaçı dövlət düşmən münasibətində olduğu ABŞ-ın regiona nəhəng layihələri ilə daxil olmasına qarşıdır. Elə fars-molla rejimi də ABŞ-ın Zəngəzur dəhlizinin qurulması və nəzarət etmək istəyinə qarşıdır. Belə olan halda ən əlverişli tərəfdaş böyük iqtisadi, hərbi gücə malik Azərbaycandır. Azərbaycan lazımi vasitələrdən səmərəli istifadə etməklə Zəngəzur dəhlizi vasitəsi ilə istər vətəndaşların, istərsə də dünyanın istənilən nöqtəsindən gələn malların daşınmasını rahat və təhlükəsiz formada keçidini təmin edə bilər. Erməni siyasi dairələri də Zəngəzur dəhlizndə keçidi yalnız Azərbaycanın gücü və imkanlarına uyğun olduğunu qeyd edirlər. Hətta siyasi partiya sədrlərinin iddialarına görə, Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir. “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bildirib ki, Zəngəzur dəhlizinə Azərbaycanın nəzarət etməsi müsbət nəticələr verə bilər: “Nikol Paşinyan açıq şəkildə eyham vurur ki, Zəngəzur dəhlizinə ruslar deyil, amerikalılar nəzarət edəcək. Əslində, Zəngəzur dəhlizinə Türkiyə və Azərbaycan nəzarət edəcək. Nəzarət əvvəlcə 30-70 faiz nisbətində (Ermənistanın payı otuz faizdir) olacaq, sonra 100 faizlik nəzarət onlara veriləcək. Nikol Paşinyan “Sülh qovşağı” yox, Turan dəhlizi qurur”.

Proseslərin inkişafına əsasən demək olar ki, Azərbaycan xoşməramlı addımlar ataraq Ermənistanla yükdaşınmalara qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınmasıdır. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da mövcud olduğunun yaxşı göstəricisidir".

Birgə mətbuat konfransında Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistandan keçəcək Tramp marşrutu da 2028-ci ilə qədər açıla bilər.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsinin qalibi olmaqla regionda həm də yeni reallıqlar yaratdı. Qələbənin növbəti hissəsi isə heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Dəhlizin açılması regionda köklü dəyişikliklərə səbəb olacaq, iqtisadi dirçəlişə mühüm töfhələr verəcək.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
sesqazeti.az

2Sources