Qulu Məhərrəmli: “Həmin platformadan istifadə etmək hələlik vacibdir, çünki...”
Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.
2026-cı ilin dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5 faiz azdır. Qeyd edək ki, 2025-ci ildə bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılmışdı.
Bu məbləğdə “Mir” telekanalına ayrılan pay böyük olmasa da, onun saxlanılması və maliyyələşdirilməsi məsələsi son illər ictimai və ekspert dairələrdə müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti 1992-ci ildə yaradılıb. Məqsəd yeni müstəqillik qazanmış postsovet ölkələri arasında informasiya mübadiləsini təmin etmək, ortaq mədəni və iqtisadi prosesləri işıqlandırmaq idi. Bu platforma MDB-nin rəsmi informasiya resursu kimi formalaşdı.
Hazırda “Mir”, “Mir-24" və ”Mir-HD" kanalları MDB-yə üzv 9 ölkədə, eləcə də Gürcüstan, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır. Rəsmi məlumatlara görə, bu kanalları gündəlik 140 milyona yaxın tamaşaçı izləyir. Lakin reallıqda bu rəqəmlər, xüsusilə Qafqaz və Baltik ölkələrində xeyli aşağıdır.
Ekspertlərin fikrincə, “Mir” telekanalının əsas xüsusiyyəti onun siyasi neytrallığı və “konfliktsiz” informasiyaya üstünlük verməsidir. Bu kanal MDB məkanında baş verən prosesləri yalnız müsbət prizmadan təqdim edir, problematik və ya tənqidi mövzulara isə çox az toxunur.
Azərbaycanlı media ekspertlərinin fikrincə, kanalın əsas missiyası “ölkələri bir-birinə tanıtmaq” olsa da, o, real təsir gücünə malik deyil. Tamaşaçı auditoriyası azalır, xüsusilə Azərbaycanda bu kanala baxış faizi çox aşağı səviyyədədir.
Bəs Azərbaycan “Mir” telekanalını niyə maliyyələşdirir? Ümumiyyətlə, maliyyələşdirməlidirmi? Bu kanal Azərbaycanla bağlı təbliğatı nəyi dəyişir? Kimlər bu kanala baxır, Azərbaycanda belə telekanalın varlıığından kimlərin xəbəri var?

Qulu Məhərrəmli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan media eksperti Qulu Məhərrəmli dedi ki, “Mir” telekanalı təxminən 30 ilə yaxındır fəaliyyət göstərir. Bu, MDB çərçivəsində informasiya mübadiləsini reallaşdıran, MDB ölkələri haqqında məlumatlar yayan bir platformadır. Amma “Mir” telekanalı heç bir xüsusi cəhəti ilə fərqlənmir. Sadəcə olaraq, bu gün MDB-yə üzv olan ölkələrdə baş verən hadisələri, gedən prosesləri informativ şəkildə yayımlayır. Qulu Məhərrəmli qeyd edib ki, bu kanalda məsələlərin hamısı yalnız və yalnız pozitiv planda işıqlandırılır. Yəni problematik və ya təbliğat xarakterli verilişlərin çəkisi nisbətən azdır: “Bunun bir neçə səbəbi var. Birincisi, heç bir ölkəni qıcıqlandırmaq olmaz. İkincisi, hər hansı bir ölkənin əleyhinə təbliğat aparılması qadağandır. Yəni bu telekanal təbliğat platforması kimi qəbul edilmir. Sadəcə olaraq, minimal informasiyayönümlü və ölkələri bir-birinə tanıdan, onlar haqqında məlumat verən bir kanaldır. Tez-tez xəbər buraxılışları verilir, amma indi bu kanalın lazımlılığı barədə suallar aktual deyil. Bəli, Azərbaycan müəyyən qədər vəsait ayırır, amma hesab edirəm ki, yaxın dövr, bu keçid dövrü üçün həmin platformadan istifadə etmək hələlik vacibdir. Çünki biz təkcə Avropa və ya Şərq ölkələrinə deyil, həm də keçmiş sovet respublikalarına, o ərazilərdə yaşayan əhali üçün müəyyən informasiyaların verilməsində maraqlı olmalıyıq. Bu gün Azərbaycan üçün vaxtilə yaradılmış informasiya blokadaları artıq aradan qalxır. Qərbdəki bir çox telekanallar Azərbaycan həyatını işıqlandırır. Məsələn, "Euronews" kimi telekanal davamlı olaraq Azərbaycanda gedən iqtisadi prosesləri, böyük forumların keçirilməsini ardıcıl və sistemli şəkildə işıqlandırır. Bu, çox müsbət tendensiyadır".
Qulu Məhərrəmli həmçinin bildirib ki, əslində tədricən “Mir”dən çox, “Euronews” kimi beynəlxalq kanallara inteqrasiya olunmağımız daha məqsədəuyğundur: “Amma yenə də deyirəm, yaxın illər üçün böyük perspektiv daşımayan bu telekanalın fəaliyyəti zəruridir. Məlumatlara və aparılan araşdırmalara görə, "Mir" telekanalına daha çox Orta Asiya ölkələrində, o cümlədən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda baxılır. Rusiyanın digər bölgələrində, Gürcüstanda və Ermənistanda baxış sayı çox azdır. Azərbaycanda isə ümumiyyətlə, bu kanala baxanların xüsusi çəkisi olduqca aşağıdır. Bu, bir tərəfdən ümumilikdə televiziyalara baxışın azalması, digər tərəfdən isə “Mir” telekanalının fərqlənməməsi ilə bağlıdır".
Qulu Məhərrəmli hesab edir ki, məhz buna görə bu kanala ayrılan maliyyə müvəqqəti xarakter daşıyır və yaxın gələcəkdə Azərbaycan hökuməti bu maliyyələşmədən imtina edə bilər: “Bu, artıq zamanın tələbidir. Bununla belə, MDB çərçivəsində Azərbaycanın müəyyən iqtisadi və mədəni əlaqələri mövcuddur və həmin əlaqələrin göstərilməsi baxımından hələlik "Mir" TV kanalına az da olsa ehtiyac qalmaqdadır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
