EN

Çiyin ağrısı, ağız quruluğu… - Bu sadə simptomlar ağır xəstəlikdən xəbər verə bilər

Dəri qaşınması, çiyin ağrısı və ağız quruluğu kimi simptomlar ilk baxışda sadə görünsə də, əslində xərçəng, diabet və daxili orqan patologiyalarına işarə edə bilər.

Far.Az xəbər verir ki, bu barədə ümumi praktik həkim Din Egiqit, dermatoloq Aleksandr Qodiç və stomatoloq Viktoriya Sempson "Daily Mail" nəşrinə danışarkən məlumat veriblər.

Din Egiqit bildirib ki, çiyin ağrısı qaraciyər çatışmazlığı, ağciyər xərçəngi və öd kisəsi problemləri zamanı meydana çıxa bilər. O qeyd edib ki, sağ çiyində narahatlıq adətən öd kisəsi xəstəliklərində, sol çiyində ağrıisə ürək problemləri ilə əlaqədardır. Həkim həmçinin güclü gecə tərləməsi və kəskin çəki itkisinin nəzərə alınmalı olduğunu vurğulayıb. Bu dəyişikliklər xərçəng, limfoma və ya vərəm əlaməti ola bilər.

Aleksandr Qodiç qeyd edib ki, görünən səbəb olmadan yaranan şiddətli qaşınma də təhlükəli əlamətdir. Onun sözlərinə görə, bədən toksinləri çıxarmaqda çətinlik çəkdikdə, onlar dərinin altında toplanaraq qaşınmaya səbəb olur. Bu vəziyyət böyrək çatışmazlığı və bəzi qan xərçəngi növlərində müşahidə olunur.

Viktoriya Sempson isə bildirib ki, ağızın davamlı quruluğu da diqqət tələb edir. Bəzən bu simptom diabet və ya autoimmun xəstəliklərə işarə edə bilər. Həkim izah edib ki, tüpürcək yalnız dişləri və ağız boşluğunu deyil, bütün bədəni zərərli bakteriyalardan qoruyur. Araşdırmalar göstərib ki, bəzi mikroorqanizm ştammları revmatoid artrit, Alzheimer xəstəliyi, insult, ürək xəstəlikləri və hətta kolorektal xərçəng ilə əlaqələndirilir.

Chosen
19
far.az

1Sources