EN

Tesla yeni Model Y-ni təqdim edib -Qiymət 40 min avrodan aşağı olacaq

Şirkət Almaniyada yığılacaq yenilənmiş Model Y ilə həm dizaynı sadələşdirib, həm də qiyməti endirərək Volkswagen ID.4-dən daha ucuz təklif edib...

Poliqon xəbər verir ki, Tesla özünün ən çox satılan elektrik krossoveri Model Y-nin yenilənmiş versiyasını təqdim edib. Əsas yenilik qiymətlə bağlıdır: avtomobilin bazalı variantı 39 990 avrodan başlayır və şirkətin Almaniyanın Qrünhayde şəhərində yerləşən zavodunda istehsal olunur. Beləliklə, Tesla ilk dəfə olaraq qiymət baxımından Volkswagen ID.4 modelini geridə qoyub, eyni zamanda daha zəngin təchizat səviyyəsini qoruyub.

Dəyişikliklər və daxili dizayn

Yeni Model Y-nin xarici görünüşündə böyük dəyişikliklər olmasa da, dizayn daha təmkinli və zərif hala gətirilib. Salon minimalizm və rahatlıq üzərində qurulub: süni dərinin yerinə boz tekstil materiallardan istifadə olunub, xrom detallardan tamamilə imtina edilib. Yumşaq örtüklər və şirkətə məxsus böyük mərkəzi ekran avtomobilin əsas vizual xüsusiyyətləri olaraq qalır.

Texniki göstəricilərdə irəliləyiş

Texniki baxımdan da Model Y təkmilləşdirilib. Avtomobilin yürüş məsafəsi 534 kilometrə qədər artırılıb, 0-dan 100 km/saat sürətə çatma vaxtı 7,2 saniyə, maksimal sürəti isə 201 km/saat təşkil edir. Tesla-nın xüsusi sürətli doldurma sistemi ilə batareyanı 30 dəqiqə ərzində 80 faizədək enerji ilə doldurmaq mümkündür.

Avtomobil ekspertlərinin rəyi

Avtomobil jurnalları yeni Model Y-ni indiyədək Tesla tərəfindən təqdim edilmiş “ən balanslaşdırılmış və etibarlı” versiya kimi qiymətləndirir. Bu model həm qiymət, həm də performans baxımından Avropa bazarında ciddi rəqabət yaradacağı gözlənilir.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources