EN

"Pulu kameranın altında say, sonra qaytar"

Yazıçı-publisist Murad Köhnəqala Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova açıq məktub yazıb.

Publika.az xəbər verir ki, o, məktubda keçmiş həyat yoldaşının dələduzluqla üzləşdiyi, lakin Azərbaycan məhkəmələrinin bu işə dırnaqrası yanaşdığından bəhs edib.

Məktubu təqdim edirik:

"Keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın Abşeron rayonu, Məmmədli qəsəbəsində 0.03 ha çıxarışlı torpaq sahəsi olub. Torpaqla qonşu olan Hümmətov İlkin Eldar oğlu Z. Qasımovaya və oğluma dəfələrlə zəng edərək həmin torpağı almaq istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyi üçün hər dəfə imtina cavabı alırdı. Bir müddət sonra İlkin Hümmətov oğluma zəng edərək torpağı evlə dəyişməyi təklif edib.

Z.Qasımova oğlumla birgə özünü İlkin Hümmətovun dostu kimi təqdim edən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun təklifi ilə onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gediblər. Oğlumgil evi bəyənib, öz torpaq sahələri ilə dəyişməyə razılaşıblar. İlkin Hümmətov alqı-satqı üçün hər iki tərəfi doğma əmisi Ramiz Hümmətovun notarius rəisi işlədiyi Binədə yerləşən 31 saylı Notariat Kontoruna gətirib. Dəyişdirmə prosesində Cavanşir Dövlətov şəxsən özü yox, onun səlahiyyətli nümayəndəsi İbrahimov Teymur iştirak edib. Cavanşir öncədən Zərəngiz Qasımovaya Məmmədli qəsəbəsindəki ona məxsus 3 sot torpağı özünün yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına keçirməyi təklif edib. Cavanşir buna səbəb kimi İlkinə pul borcu olduğunu göstərib. İlkin də bunu təsdiq edib. Alqı-satqı prosesindən dəqiq anlayışı olmayan Z. Qasımova heç nədən şübhələnməyərək onların dedikləri ilə razılaşıb.

Chosen
9
publika.az

1Sources