EN

“Art Weekend” çərçivəsində daha bir sərgi - “Əcdadlar”

Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən ekspozisiyalardandır.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

Rəssam Rəşad Ələkbərov həmkarlarının fərqli üslubda işlədiklərini bildirib. Öz əsərlərində daha çox kölgə effektindən istifadə etdiyini qeyd edən fırça ustası həmkarları ilə birgə sərgi təşkil etmək fikrinə gəldiklərini deyib: “15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki sərginin mövzusu əcdadlarımız haqqında olsun. Düşündük ki, insanlar üçün köklərimiz, əcdadlarımız barədə fərqli bilgi almaq maraqlı olar”. Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu diqqətə çatdırıb.

Rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi olduğunu qeyd edib. “Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim üçün qoyun bir növ totemdir. Qoyunlar bir çox mədəni abidələrimizdə də təsvir olunub”, - deyə o əlavə edib.

Chosen
40
13
publika.az

10Sources