"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib: "İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra davam edən dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına doğru istiqamət götürüb. Bu proses dünyada sülh layihəsi kimi anlaşılırsa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçıları tərəfindən Amerikada paraflanırsa bu, Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğundan xəbər verir. Bu, təkcə Azərbaycanın Zəngəzur nahiyəsinə keçidini, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralı düşmüş ərazilərimizin qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasını birləşdirən, türk birliyinin reallaşmasını təmin edən yoldur və tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz.
Tarixin elə mərhələsini yaşayırıq ki, milli taleyimiz hamını ümumazərbaycan ideologiyasının ətrafında birləşmək üçün səfərbər olmağa çağırır. Müxalif olmaq zamanı deyil, birlik və bütövlük zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu siyasi məqamın gerçəkləşməsini gözləyirdi... İndi məhz o məqamın müasirləri və prosesin iştirakçısıyıq. Tarix Azərbaycan dövrünü yaşayır və son üç yüz ildə belə bir dövrün analogiyasını göstərmək sadəcə, mümkün deyil".