EN

Balıq tutmaq üçün torpaq qazarkən orta əsrlərə aid böyük xəzinə tapıldı

İsveçdə bir kişi balıq ovu üçün torpaq qazarkən təsadüfən nadir tapıntıya – orta əsrlərə aid böyük xəzinəyə rast gəlib. AzPost Fox News-a istinadla xəbər verir ki, hadisə kişinin yay iqamətgahının yaxınlığında baş verib.

Məlumata görə, o, torpaqda qazıntı apararkən bürüncdən hazırlanmış qazan içərisində minlərlə gümüş sikkə, üzük, muncuq və asma bəzəklərlə dolu xəzinə tapıb.

İlkin hesablamalara əsasən, tapıntının ümumi çəkisi təxminən 6 kiloqram, sikkələrin sayı isə 20 minədəkdir. Hazırda arxeoloqlar ərazidə tədqiqat işlərini davam etdirirlər və tapıntının dəqiq yeri təhlükəsizlik məqsədilə açıqlanmır.

Antikvar mütəxəssis Sofiya Anderson bu hadisəni “İsveçdə indiyədək aşkarlanan ən böyük erkən orta əsr gümüş xəzinələrindən biri” adlandırıb. Onun sözlərinə görə, sikkələr heyrətamiz dərəcədə yaxşı vəziyyətdə qalıb, baxmayaraq ki, qazan zamanla çürüyüb.

Xəzinə arasında XII əsrdə hökm sürmüş Kral Knut Erikssonun təsvir olunduğu sikkələr, eləcə də dini rəhbərlərin adından buraxılmış nadir “episkop sikkələri” də aşkarlanıb.

Tarixçilər bildirirlər ki, bu tapıntı Skandinaviya bölgəsində orta əsr dövriyyə sisteminin və ticarət əlaqələrinin öyrənilməsində mühüm rol oynayacaq.

İsveçin mədəni irs haqqında qanununa əsasən, qiymətli metal tapıntıları dövlət mülkiyyətinə keçir, lakin tapıntını tapan şəxsə rəsmi qaydada maddi kompensasiya ödənilir.

Bu hadisə İsveçdə arxeologiya və tarix həvəskarları arasında böyük maraq doğurub.

AzPost.az

Chosen
24
1
azpost.info

2Sources