ain.az, Azertag saytına istinadən bildirir.
Paris, 31 oktyabr, AZƏRTAC
Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, ölkəmizin zəngin biomüxtəlifliyinə, həmçinin iqlim dəyişikliyinin ətraf mühitə və xüsusilə Xəzər dənizinə təsirlərinə həsr olunmuş foto sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, COP29 Sədrliyi və Azərbaycanın Fransadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbirdə forumun iştirakçıları, beynəlxalq təşkilatların nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər
Tədbirdə çıxış edən COP29-un Prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev ölkəmizin yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlim diplomatiyası istiqamətində həyata keçirilən genişmiqyaslı təşəbbüslər barədə məlumat verib. O, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal səylərə fəal töhfə verdiyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
Sərgi iştirakçıları Azərbaycan tərəfindən iqlim çağırışlarının azaldılması, təbiətin mühafizəsi və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.