EN

Afrikanın qoca patriarxlarının şanlı payızı – onlar yenə seçildilər

Son günlərdə Afrikanın iki ölkəsində - Kamerun və Kot-d'İvuarda əhəmiyyətli hadisələr baş verib: bu ölkələrin keçmiş hökmdarları yenidən hakimiyyətdə qalıblar.

Kamerunda 92 yaşlı siyasətçi səkkizinci müddətə prezident seçilib, Kot-d'İvuarda isə 83 yaşlı siyasətçi dördüncü dəfə qalib gəlib.

Hər iki halda konstitusiya onlar üçün bir neçə dəfə yenidən yazılıb və görünür, hər iki yeni-köhnə lider rekord yaşa (100 və 90) çatana qədər iş başında qalacaqlar.

Lakin bu iki prezident (Kamerunda Paul Biya və Kot-d'İvuarda Alassane Ouattara) qitədə tək deyillər. Tezliklə Uqandada yeni prezident seçkiləri keçiriləcək, burada 1986-cı ildən bəri ölkəni idarə edən 81 yaşlı Yoveri Museveni yenidən prezident olacaq – böyük ehtimalla. O, ordu generalı olan oğlunu namizəd olaraq seçkiyə qatılmağa inandırmaq istəyir. Amma əgər o imtina edərsə, atası ölkəni idarə etməyə davam edəcək.

Afrikada yeganə ispandilli ölkə olan Ekvatorial Qvineyada isə Teodoro Obiyanq hakimiyyətdədir. O, de-fakto 1979-cu ildən, rəsmi olaraq isə 1982-ci ildən prezidentdir. Obiyanq hakimiyyətə hərbi çevriliş nəticəsində gəlib. Hazırda 83 yaşı var.

Ümumilikdə, Afrikanın hazırkı liderlərinin yarıdan çoxunun yaşı 70-dən yuxarıdır. Diqqətçəkən odur ki, onların əksəriyyəti - hətta təqaüdə çıxmağı planlaşdıran kimi görünənlər də ABŞ prezidenti Donald Trampın nümunəsindən ilhamlanıblar. 79 yaşlı Tramp bir çox avropalı həmkarlarından daha aktivdir. Əgər bir amerikalı bu yaşda ölkəni idarə etməklə yanaşı, həm də üçüncü müddətə namizədliyini irəli sürməyə hazırdırsa (ABŞ konstitusiyasına edilən düzəliş bunu qadağan etsə də), onlar niyə olmasınlar?

"70 yaşdan yuxarı" olan bu hökmdarlar bir çox dairələrdə ali dövlət postunu qəsb etməkdə ittiham olunurlar. Ancaq onların əlində tutarlı bir arqument də var: hər şeyi seçki həll edir, həm də alternativ namizədlərin, müxalifət nümayəndələrinin qatıldığı seçkilər. Sadəcə, hər dəfə 4-5 namizədin iştirak etdiyi seçkinin qalibləri dəyişmir. Hətta bu seçkilərə BMT-dən və digər oxşar təşkilatlardan müşahidəçilər də dəvət olunur və onlar sonda heç bir qanun pozuntusu olmadığını bildirirlər. Artıq hökmdarlar seçki prosesini necə düzüb-qoşurlarsa....

Ancaq bəzən belə rahat seçki prosesini təmin etmək üçün ölkənin konstitusiyası yenidən yazmaq lazım gəlir. Bu isə, prinsipcə, yalnız demokratiya və ədalət carçılarının, əsasən də Avropa ölkələrindən olanların tələblərini ödəmək üçündür. Hər dəfə yenidən konstitusiya yazdıran Paul Biya bu “yazı-pozu işinin artması”ndan bezərək, parlament səsverməsi ilə prezidentlik müddətlərini ləğv edib və ömürlük prezident olub.

Ömürlük hökmdarların idarəçiliyi altında yaşayan Afrika xalqlarının iki variantı var: ayağa qalxıb etiraz bildirmək və öz ölkələrindən həyat şəraitinin daha yaxşı olduğu yerlərə (Avropa, Amerika, Avstraliya, Karib dənizi) mühacirət etmək. Birinci variant indilikdə təhlükəli və perspektivsizdir. İkinci variant isə asan deyil, amma ümidvericidir. Ona görə də əbədi hökmdarların hakimiyyəti altında olan Afrika ölkələrindən qaçqın axını hər il artır.

Daha bir variant isə "əbədi hökmdarlar"ın silahlı qüvvələr tərəfindən devrilməsidir. Bunu əsasən nisbətən gənc hərbçilər həyata keçirir. Nümunələr var: Mali, Burkina Faso, Niger, və Qvineyada bu yaxınlarda ömürlük rəhbərlər ordu tərəfindən devrilib. İndi sual budur ki, hakimiyyətə gələn hərbçilər seçkilər keçirəcək, mülki hakimiyyətin dinc mexanizmlərlə dəyişməsini təmin edəcəklər, yoxsa yeni “ömürlük hökmdarlar” peyda olacaq?

Qabonda prezident qvardiyasının rəisi Bris Olili iki il əvvəl dövlət başçısını devirib, daha sonra seçkilərdə səslərin 85%-dən çoxunu toplayaraq prezident olub. İndi o, ölkəni “bütün Qabon xalqının maraqlarına uyğun” idarə edəcəyinə söz verir.

Sırada ən azı beş Afrika ölkəsi var ki, onlarda hərbçilərin “əbədi hökmdarlar”ı devirəcəyi, öz ölkələrində söz sahibi olacaqları gözlənilir.

Yeri gəlmişkən, bir hökmdarın devrilməsi üçün mütləq yüz yaşında olması vacib deyil. Bu yaxınlarda Afrika sahillərindəki Madaqaskar adasında hərbi çevriliş baş verdi. Xalq tərəfindən seçildiyi iddia edilən gənc mülki rəhbərlik (Andri Radzuelinanın komandası) ölkəni talana məruz qoyduğu, xalqı su və elektrik enerjisindən, dolanışıqdan məhrum etdiyi üçün devrildi. Fransa pasportu ilə adadan qaçan prezidentin yerinə keçmiş hərbi komandir keçib.

20-ci əsr boyunca və son illərə qədər davam edən hərbi çevrilişlərə səhnə olan Afrikada artıq 21-ci əsrdə anadan olan gənclər – “Z nəsli” siyasi arenaya çıxmaq təşəbbüsü göstərir. Onlar istənilən mövcud hökuməti yalnız korrupsiyaya görə deyil, həm də ölkələrini uçuruma aparmaqda, xalqa xoş güzəran təmin etməməkdə ittiham edirlər. Mərakeşdəki gənclərin etirazları buna sübutdur.

Fəqət gənc nəsil dövlət idarəçiliyinin nə demək olduğundan xəbərsizdirlər – A.dan Z-yə qədər heç nəyi bilmirlər və bu işdə köhnə nəslin təcrübəsinə möhtacdırlar.

Araz Altaylı, Musavat.com

Chosen
25
musavat.com

1Sources