EN

Maliyyə Nazirliyi Ağdamda Zəfər Gününə həsr olunan ağacəkmə tədbiri keçirdi

BAKI, 1 noyabr. TELEQRAF

Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümü münasibətilə bu gün Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ağdam şəhərində ağacəkmə tədbiri keçirilib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi ilə birgə təşkil olunan tədbir zamanı Ağdam şəhərində yeni salınan Mərkəzi Parkın ərazisində Qarabağın torpaq-iqlim şəraitinə uyğun, ekoloji cəhətdən dayanıqlı və dekorativ baxımdan yaraşıqlı yüzdən çox ağac əkilib. Əkilən ağacların normal böyüməsini təmin etmək məqsədilə ekologiya mütəxəssislərinin iştirakı ilə əraziyə ilkin aqrotexniki qulluq göstərilib, torpağa mineral gübrələr verilib və suvarma işləri aparılıb.

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və ekoloji tarazlığın bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu işlər nəticəsində illərlə dağıdılmış və ekosistemi zərər görmüş Qarabağ və Şərqi Zəngəzur bölgəsi yenidən öz yaşıllığına, təbii gözəlliyinə qovuşur.

Maliyyə Nazirliyinin kollektivi tərəfindən mütəmadi şəkildə keçirilən yaşıllaşdırma aksiyaları bu dəfə işğaldan azad olunmuş ərazilərdə təşkil edilməklə, məhv edilmiş yaşıllıq massivlərinin bərpasına, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədini daşıyır.

Sonra Nazirliyin kollektivi Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işləri haqqında məlumatlandırılıb, Ağdam Cümə məscidində, İmarət Kompleksində, Xıdırlı kəndində olublar.

Chosen
65
3
teleqraf.com

4Sources