EN

Kremlçi mətbuatın yeni hədəfi: “Azərbaycanlı miqrant” obrazı - Adi yol qəzasından siyasi isteriyaya qədər…

Tver vilayətində baş verən sadə yol qəzası Rusiya mətbuatında, xüsusilə kremlyönümlü teleqram kanalları və saytlarında sanki böyük bir cinayət hadisəsi kimi təqdim edilir.

Musavat.com xəbər verir ki, qəzanın təfərrüatları belədir: Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə İdarəsinin əməkdaşı Olqa Osipova evinə qayıdarkən azərbaycanlı sürücünün idarə etdiyi avtomobilin altında qalaraq vəfat edib.

Bu kimi hadisələr dünyanın hər yerində - istər Rusiyada, istər Amerikada, istərsə də Himalay dağlarının ətəyindəki kənddə baş verə bilər. Qəza qəza olaraq qalmalıdır. Amma bu dəfə Rusiya mediası faktın özündən çox, hadisəni törədən şəxsin milliyyətinə fokuslanıb. Başlıqlarda “Azərbaycanlı miqrant” ifadəsinin təkidlə işlədilməsi, hadisənin məzmunundan çox emosional, qızışdırıcı tonla təqdim olunması təsadüfi deyil.

Son aylarda, xüsusilə Rusiya ilə Azərbaycan arasında baş verən təyyarə insidenti və diplomatik gərginlikdən sonra Kremlə yaxın media resursları miqrantlara, xüsusilə də müsəlman və azərbaycanlı icmasına qarşı aqressiv ritorika formalaşdırıblar. Adi bir yol hadisəsi, bir bazar insidenti, hətta parklanma mübahisəsi belə “Azərbaycanlı miqrantın qəddarlığı” kimi təqdim edilir.

Yaxın günlərdə Rusiya şəhərlərindən birində cüzi bir parklanma mübahisəsi zamanı azərbaycanlı və yerli sakin arasında baş vermiş qarşıdurma buna bariz nümunədir. Hadisə bir neçə dəqiqəlik sözdavası olsa da, Kremlin nəzarətindəki kanallar bunu “miqrant təhdidi”, “Azərbaycanlıların aqressiyası” kimi təqdim etdilər. Hətta hüquq-mühafizə orqanlarının reaksiyası da qeyri-mütənasib oldu – sanki qarşılarında cinayətkar dəstə varmış kimi davranıldı.

Rusiyada milyonlarla azərbaycanlı onilliklərdir zəhməti ilə yaşayır. Onlar ticarət mərkəzlərində, bazarlarda, nəqliyyatda, xidmət sektorunda çalışaraq Rusiya iqtisadiyyatına real töhfə verirlər. Vergi ödəyir, ailə saxlayır, rus cəmiyyətinə inteqrasiya edirlər.

Buna baxmayaraq, bu insanların fəaliyyəti qəfil “qanunsuz ticarət”, “miqrant xaosu” kimi damğalanır. Son vaxtlar Kremlçi media küçələrdə azərbaycanlı satıcıları, işçiləri “qeyri-qanuni fəaliyyət” adı ilə çəkərək, onların üzərinə hücum çəkən videolarla “anti-miqrant” kampaniyasını qızışdırır.

Rusiya mətbuatında azərbaycanlıların adının bu şəkildə xüsusi vurğulanması, sadə qəzanın “etnik kontekstdə” təqdim olunması müasir informasiya faşizminin təzahürüdür. Əslində, bu metod yeni deyil – tarixdə də “daxili düşmən obrazı” yaratmaq üçün eyni üsullardan istifadə olunub. Bu dəfə “təhlükəli obraz” kimi seçilənlər miqrantlar, xüsusilə də müsəlman azərbaycanlılardır.

Rusiya iqtisadiyyatı sanksiyalar altında çətin dönəmdən keçir, sosial gərginlik artır. Kreml üçün ən rahat hədəf isə günahkar obrazında “miqrantı” göstərməkdir. Adi bir qəza üzərindən bütöv millətin ləkələnməsi, əslində, ictimai fikrin manipulyasiyasıdır.

Tverdə baş verən adi yol hadisəsi Rusiya mətbuatının “informasiya silahına” çevrilir – məqsəd isə açıqdır: ictimai nifrəti Azərbaycanlılara yönəltmək, diqqəti Kremlin öz səhvlərindən yayındırmaq.

Bu qəza bir insan faciəsidir, lakin onu milliyyət kontekstində qabartmaq artıq informasiya cinayətidir. Rusiya mətbuatı bu üsulla nə təkcə azərbaycanlılara, həm də öz cəmiyyətinə zərbə vurur – nifrət toxumu səpir, multietnik dövlətin əsaslarını sarsıdır.

Musavat.com

Chosen
27
musavat.com

1Sources