EN

MİT məxfilikdən çıxardı: 1940-cı ildə hazırlanmış “İngilis Kəmal” hesabatı

Milli Kəşfiyyat Təşkilatı (MİT), haqqında romanlar yazılmış və filmlər çəkilmiş Əhməd Əsəd Tomruk  - tanınmış adı ilə “İngilis Kamal” haqqında yeni bir sənəd yayımlayıb.

Sherg.az xəbər verir ki, MİT-in rəsmi internet saytında “Xüsusi Kolleksiya” bölməsinin “Sənədlər” hissəsində yeni bir kəşfiyyat hesabatı ictimaiyyətə təqdim olunub.

Bu sənəd, Milli Mübarizə illərində fəaliyyət göstərmiş, haqqında romanlar yazılmış, filmlər çəkilmiş Əhməd Əsəd Tomruk (digər adı ilə “İngilis Kamal”) barədə mənfi fikirlər əks etdirən, 26 dekabr 1940-cı il tarixli kəşfiyyat hesabatıdır.

Milli Əminlik Xidməti Riyasətinin (MAH) hazırladığı və Baş Qərargaha göndərilən həmin hesabatda bu ifadələr yer alır:

“İngilis Kamal” uzun müddətdir xidmət tərəfindən diqqətlə izlənilən bir şəxsdir.
‘İngilis Kamal’, ‘Boksçu Kamal’, ‘Kamal Əsəd’, ‘Eynəkli Kamal’ kimi müxtəlif adlarla tanınan bu şəxs vaxtaşırı ortaya çıxaraq yüksək vəzifəli şəxslərə öz xidmətlərini təklif edir və bəzi dəyərsiz məlumatlar verir.
Onun verdiyi məlumatlar əsasən xarici səfərləri zamanı eşitdiklərindən və adi şayiələrdən ibarətdir. Bu isə hər bir vətəndaşın vəzifə borcu çərçivəsində görülə biləcək işlər səviyyəsindədir.
Bir vaxtlar bu şəxsiyyətdən xidmət baxımından istifadə etmək düşünülmüş, müəyyən işlərdə sınaqdan keçirilsə də, səmimi və dürüst xarakter daşımadığı qənaətinə gəlindiyi üçün əlaqə kəsilmişdir.”

Hesabatda həmçinin Tomruqun fotosu da yer alır.

“Barəsində son vaxtlar toplanan məlumata görə, hazırda bolqarlarla sıx əlaqə saxlayır və bir ingilis qadını ilə birlikdə yaşayır.
Həmin qadın - Dorti Brayt ilə birgə son zamanlar İstanbulda fəaliyyət göstərən İngiltərə Kəşfiyyat Xidmətinə müraciət edərək xidmət təklif etmişlər. Lakin onların başqa kəşfiyyat orqanları tərəfindən təhrik edildiyi şübhəsi yarandığından İngilislər bu təklifə maraq göstərməyib. Bundan sonra onların Alman kəşfiyyatı ilə əlaqə qurmağa çalışdıqları bildirilir.
Spirtli içkiyə və qumara meyilli olduğu öyrənilən bu şəxsdən fayda gözləmək mümkün deyil. Onun verdiyi və ya verəcəyi məlumatlara etibar etmək də düzgün olmaz. Hazırda Bolqarıstanda olduğu müəyyən edilən Kamalın vəziyyəti izlənməkdədir.”

MİT saytında daha bir yeni sənəd - 1942-ci ilə aid İzmir Mərkəz Rəisliyinin hesabatı da yerləşdirilib.

Bu sənəd, Alman dövlət xadimi və diplomatı Frans fon Papenin Türkiyədə səfir olduğu dövrdə -1942-ci ildə, ona məktub göndərən İzmirin Qarşıyaka bölgəsinin Şəmiklər kənd muxtarı Şakirə yazdığı cavab məktubunu və məsələ ilə bağlı İzmir Mərkəz Rəisliyinin yazışmasını əhatə edir.

Fon Papenin 9 mart 1942-ci il tarixli məktubunda belə yazılıb:

“Türk xalqının müxtəlif təbəqələrindən aldığım təbrik məktubları arasında sizinkinin mənim üçün xüsusi məmnunluq doğurduğunu bildirirəm. Məni xatırladığınız və xoş arzular bildirdiyiniz üçün ürəkdən təşəkkür edirəm. Millətlərimiz arasında böyük dostluğun möhkəmlənməsi üçün gələcəkdə də çalışmaqdan məmnuniyyət duyacağam. Hörmət və ən səmimi arzularımla.”

İzmir Mərkəz Rəisliyinin 21 aprel 1942-ci il tarixli məktubunda isə qeyd olunub:

“Alman səfiri Fon Papenin, Şəmiklər kənd muxtarı Şakirə yazdığı təşəkkür məktubunun fotosu əlavə olunur. Kəndin bağlı olduğu nahiyə və qəza zərfdə göstərilmədiyindən poçt idarəsi ünvan sahibini müəyyənləşdirə bilməmiş, məktub araşdırıldıqdan sonra yenidən Fon Papenə qaytarılmaq üçün mərkəzə göndərilmişdir.
Şəmiklər kəndinin Qarşıyaka nahiyəsinə bağlı olduğu müəyyən edildikdən sonra, Şakirin almanlarla əlaqəsini öyrənmək məqsədilə bir poçt işçisi vasitəsilə məktub şəxsən ona çatdırılmış və bu zaman onunla məsələ ətrafında söhbət aparılmışdır.
Şakir, Fon Papeni şəxsən tanımadığını, lakin almanlara simpatiya bəslədiyi üçün qəzetdə oxuduğu bomba hadisəsindən sonra, sağ qaldığına sevinərək ona məktub göndərdiyini bildirmişdir.”

MİT-in açıqladığı yeni sənədlər, 1940-1942-ci illərdəki kəşfiyyat fəaliyyətləri, o dövrdəki Türkiyə-Avropa əlaqələrinin arxa planı və ictimai münasibətlərin təhlili baxımından mühüm tarixi mənbə kimi dəyərləndirilir.
Chosen
1
2
sherg.az

3Sources