EN

UNEC-in diplomu, yoxa DİM-in sertifikatı?

2 noyabr 2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilib. Rəsmi məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, 2 binada təşkil olunub və ümumilikdə 750 nəfər iştirak edib. Namizədlərə seçdikləri sertifikat növünə uyğun 40 test tapşırığı təqdim olunub. İmtahan 3 saat davam edib və qapalı tipli tapşırıqlar üzrə nəticələr dərhal, yazılı cavab tələb edən tapşırıqlar isə 4 həftədən sonra elan olunacaq.

Dövlət İmtahan Mərkəzinin peşəkar mühasib sertifikasiya imtahanları "Mühasibat uçotu haqqında" qanuna və digər normativ aktlara əsasən keçirilir. Sözün gedən qanunda deyilir:

• 2.1.19: Peşəkar mühasib - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
• 2.1.20: Peşəkar mühasib sertifikatı - şəxsin imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.
• 2.1.21: Peşəkar mühasib səviyyəsi - maliyyə hesabatlarının Beynəlxalq Standartlara, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların təqdim edilməsini bacarmaqdır.

Yəni sertifikat qanuni səlahiyyət və peşə məsuliyyəti yaradır. Bu kontekstdə bəlli olur ki, mühasibat üzrə ali təhsil diplom yalnız oxumağı, sertifikat isə həm biliyi, həm də praktik bacarığı və məsuliyyəti təsdiqləyir. Başqa sözlə, dövlət vətəndaşa deyir ki, sən mühasibat üzrə ali təhsil almısan, amma sənin bilik və bacarığın diplomla yox, sertifikatla təsdiq olunmalıdır!
Şərti adı və soyadı Aysel Qurbanova olan bir vətəndaş təsəvvür edək. Aysel UNEC-in mühasibat ixtisası üzrə məzundur. O, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan keçərək yüksək balla UNEC-ə qəbul olunub, 4 il orada bakalavr təhsili alıb.

Həmin fakültə öz internet səhifəsində bəyan edir:

“Mühasibat ixtisasında tədris olunan fənlərin tədris proqramları (sillabusları) beynəlxalq peşəkar kvalifikasiyalar (ACCA, CIMA) üzrə tədris proqramlarına uyğunlaşdırılmışdır. Bu isə tələbələrə həm dövlət təşkilatları, həm də özəl sektora aid biznes subyeklərində mühasib kimi çalışmaq üçün tələb olunan bilik və bacarıqları qazanmaq imkanı verir”.

Ancaq fakültənin bu bəyanı praktiki olaraq ciddiyə alınmır. Mövcud sistemə görə, aldığı diplom onu peşəkar mühasib olduğuna dəlalət etmir, Aysel öz peşəkarlıq səviyyəsini sertifikasiya imtahanından keçərək təsdiq etməlidir. O zaman başqa bir sual meydana çıxır. Aysel gərəkən, amma universitetdə öyrənmədiyi bilik və bacarığı harada qazanmalıdır?

Tələb olunan peşəkarlıq səviyyəsinə çatmaq üçü o kurslara və sertifikasiyaya hazırlıq proqramlarına getməlidir.

Diplom və sertifikat arasında sistematik kolliziya da elə bu məqamda yaranır.

Əvvəla, əgər sertifikat diplomdan üstündürsə, onda bakalavr təhsili nəyə lazımdır?

İkincisi, bakalavr təhsili sertifikasiya kursları qədər bilik və bacarıq vermirsə, onda universitetlər nəyə gərək?

Bu iki sual tələbə və məzunları təhsildən soyudur. Həm vətəndaş, həm də dövlət üçün əlavə xərc və zaman itkisi yaradır. Nəhayət, nə rəsmi təhsil sistemi, nə də repetitor kursları iddiaçıya bacarıq vəd etmir. Bacarıq yerinə, DİM-in testologiyasından keçmək məharəti zəruridir.

Dövlət diplomuna güvənməlidir!

Chosen
46
aznews.az

1Sources