EN

"Kim "Qarabağ"ın "Çelsi"dən xal ala bilməyəcəyini düşünürsə, çox böyük səhv edir"

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Çelsi"ni qəbul edəcək. Ağdam təmsilçisinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb İngiltərə nəhəngi ilə görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çelsi" barədə uzun danışmaq yersiz alınar. Dünyanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Rəqibin gücü, səviyyəsi hamıya bəllidir. Təbii ki, oyunun favoriti də onlardır. "Zadəganlar"ın hansı çempionatda mübarizə apardığını yada salmaq bəs edir. Onların bir transferə xərclədiyi pul "Qarabağ"ın 4-5 illik büdcəsidir. Bütün bunlara baxmayaraq, kim "Qarabağ"ın "Çelsi"dən xal ala bilməyəcəyini düşünürsə, böyük səhv edir. Komandamız həmişə bizləri ən ümidsiz anlarda da yaxşı mənada təccübləndirməyi bacarıb. Bir "Qarabağ"lı olaraq, yenə də ümidsiz deyiləm. Məncə, dünya nəhənginə qarşı oyunda da uğurlu nəticə qazanmaq şansımız var. Hər şeydən öncə azarkeşlərimiz Bakıya gələn ingilis fanatları tribunada üstələməli, ev sahibinin kim olduğunu 90 dəqiqə göstərməlidirlər. Taktiki planda isə Qurban Qurbanov nə etmək lazım olduğunu hamımızdan yaxşı bilir. Bu, bir futbol bayramıdır. "Qarabağ"ın sayəsində Çempionlar Liqasını ikiqat maraqla izləyirik. Komandamıza hər zaman inanıram və uğurlar arzulayıram".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.

Nihat

Chosen
4
fanat.az

1Sources