Ali Məhkəmədə Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Vasif Şeydayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Vasif Şeydayev 2015-ci ildə Suriyanın Tel-Abyad şəhərinə gedərək, həmin ölkənin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış İŞİD cinayətkar birliyin (təşkilat) tabeçiliyində olan “Tel-Abyad camaatı” adlı sabit silahlı qrupa qoşulub. O, 2015-ci ilin may ayından 2016-cı ilin oktyabr ayınadək həmin qruplaşmanın üzvləri olan digər Azərbaycan vətəndaşları ilə birlikdə “Kalaşnikov” və “Makarov” markalı odlu silahlardan istifadə etməklə Suriyanın Tel-Abyad və Rakka şəhərlərində hərbi təlimlərdə, o cümlədən silahlı münaqişələrdə iştirak edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Şeydayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Kamal Məmmədov