EN

Ukrayna ordusu Pokrovsk və Kupyansk şəhərlərini qoruya biləcəkmi?

Kiyev, 3 noyabr, AZƏRTAC

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri uğrunda ağır döyüşlər davam edir. Ukrayna silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib ki, Rusiya hərbçilərinin Pokrovskdən sıxışdırılması üçün döyüşlərə Baş Kəşfiyyat İdarəsinin desant qüvvələri də cəlb edilib. Bəs, Pokrovskinin işğal olunmaması üçün Ukrayna ordusunun əks-həmlələri nə dərəcədə effektiv olacaq?

Pokrovskda küçə döyüşləri gedir

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru, hərbi ekspert Dmitri Jmailo AZƏRTAC-a açıqlamasında Rusiya hərbçilərinin Pokrovsk şəhərindən çıxarılması üçün ölkənin desant-təxribatçı qoşunlarının, yeni yaradılmış hücum bölmələrinin və xüsusi əməliyyat qüvvələrinin cəlb edildiyini bildirib. “Pokrovsk istiqamətində vəziyyət həqiqətən çox çətindir. Lakin demək olmaz ki, ruslar şəhəri ələ keçirib və ya orada möhkəmləniblər. Şəhərin ətrafında onların bir neçə yüz nəfərlik piyada qüvvəsi toplanıb. Onların əsas tapşırığı mümkün qədər dərin irəliləyib, logistika xətlərini kəsmək, desant və ya diversiya-kəşfiyyat tipli qruplar kimi hərəkət etməkdir. Bu, hazırda rusların həyata keçirdiyi taktikanın mahiyyətidir, çünki onlar başqa cür bacarmırlar. Onlar bəzən mülki şəxslərin paltarlarını geyinərək infiltrasiyaya cəhd edirlər. Yəni mövqelər boyunca qaçışma, sızma müşahidə olunur, Ukrayna ordusu şəhərin cənubundakı mövqelərini saxlayır. Hətta bu dəqiqələrdə də şəhərə həmin qrupları məhv etmək üçün ukraynalı bölmələr infiltrasiyaya gəlirlər. Xüsusilə Baş Kəşfiyyat İdarəsinin çox peşəkar bir bölməsi desant əməliyyatı həyata keçirdi. Bu, ruslar şəhərdə möhkəmləndiyi halda mümkün olmazdı. Oraya, həmçinin desant-təxribçi qoşunlar, yeni yaradılmış hücum bölmələri və xüsusi əməliyyat qüvvələri cəlb edilir. Onların vəzifəsi belə qrupları aşkarlayıb, şəhəri təmizləməkdir”, - deyə hərbi ekspert əlavə edib.

Dmitri Jmailo vurğulayıb ki, Pokrovskda konkret bir cəbhə xətti yoxdur, iki ordu bir-birini, sadəcə, sıxışdırmağa çalışır. “Biz də onların dron heyətini “ovlayırıq”, öz dronlarımızı da səfərbər etmişik. Bizim loqistika çətinlik çəkir, amma rusların vəziyyəti daha əlverişsizdir, çünki onlar möhkəmlənməyiblər. Çağırış çox böyükdür, çünki məhz Pokrovsk istiqamətində Rusiya öz işğalçı qüvvələrinin dörddə birini cəmləşdirib. Yəni biz başa düşürük ki, döyüş təması xətti təxminən 1250 kilometrə yaxınlaşır və həmin xətt üzrə qüvvələrin dörddə biri məhz Pokrovsk–Mirnoqrad istiqmətinə yönəldilib, aktiv döyüşlər davam edir. Ali hərbi-siyasi rəhbərliyimiz, o cümlədən Baş Qərargah rəisi Sırski, birbaşa əməliyyatlarda iştirak edir. Yəni hər şey edilir ki, bu vəziyyətə yol verilməsin”, - deyə ukraynalı hərbi ekspert vurğulayıb.

Rusiya Kupyansk şəhərini də ələ keçirmək istəyir

Rusiya ordusu paralel olaraq Xarkov vilayətinin Kupyansk şəhərinin ələ keçirilməsi üçün də intensiv döyüşləri davam etdirir. Artıq şəhərin şimal hissəsindən Rusiya hərbçilərinin Kupyanska daxil olduğu bildirilir. Ukraynalı ekspert Pokrovskdəki vəziyyətlə müqayisədə Kupyanskda hərbi əməliyyatların Ukraynanın xeyirinə olduğunu düşünür. “Kupyanskda vəziyyət nisbətən yaxşıdır, çünki biz rusların canlı qüvvələrini effektiv məhv edir, təchizatını çətinləşdiririk. Şəhərin şimal hissəsində də rusların sızmaları müşahidə olunur və bizim qruplar orada da təmizləmə işləri aparır. Xüsusilə 429-cu polkun dron xətti önəmli rol oynayır. Həmçinin körpülərin məhv edilməsi və dronlarımızla Pokrovska qərb tərəfdən zərbələr vurmaq imkanı mövcuddur. Şərqdə, Oskil çayının şərqində yerləşən bizim qruplaşmalar da zərbə endirirlər. Ümumilikdə oradakı vəziyyət nisbətən yaxşıdır, daha stabildır - ruslar müəyyən dərəcədə ləngiyiblər, bunun səbəbi isə Ukrayna ordusunun loqistika xətlərini kəsərək onların təchizatını pozmasıdır. Vəziyyət çətindir, pisdir, amma bir il əvvələ nisbətən heç də o qədər pis deyil. O vaxt ruslar sutkada 35–45 kvadratkilometr ərazini ələ keçirirdilər; indi bu, həmin döyüş xətti üzrə təxminən sutkada 8 kvadratkilometrə düşüb. Beləliklə, Ukrayna mübarizəni davam etdirir: səfərbərlik tədbirləri və könüllü qoşun çağırışları davam edir. Eyni zamanda, Qərbin yardımlarına tələbatımız kəskin olaraq qalmaqdadır”, - deyə hərbi ekspert diqqətə çatdırıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, oktyabrda Rusiya Ordusunun 3 şəxsi heyəti və 3 tank batalyonu məhv edilib. Rusiya ordusu oktyabrda 31 mindən çox şəxsi heyətini itirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
39
43
azertag.az

10Sources