EN

Yaponiyanın yeni baş naziri Kim Çen In ilə görüşə hazır olduğunu bildirib

BAKI, 3 noyabr. TELEQRAF

Yaponiya Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen In ilə şəxsi danışıqlar aparmağa hazırdır və bununla bağlı Pxenyanı artıq məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, 1970-ci illərində Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının məsələsinə həsr olunmuş tədbirdə deyib.

“Mən artıq Şimali Koreya tərəfinə yüksək səviyyəli görüş keçirmək istədiyimi bildirmişəm”, - Takaiçi qeyd edib.

Baş nazir vurğulayıb ki, vəzifə müddəti ərzində bu məsələdə irəliləyiş əldə etmək və oğurlanmış vətəndaşların problemini həll etmək istəyir.

Oğurlanmış vətəndaşlar mövzusu iki dövlət arasında diplomatik əlaqələrin olmaması səbəbilə münasibətlərin ən həssas sahələrindən biridir. 2002-ci ildə Pxenyan ilk dəfə 13 Yaponiya vətəndaşının oğurlanmasını tanıyıb və onlardan 5-nin ölkəyə geri dönməsinə icazə verib. Qalanlar ölü elan olunub və yaxınlarına göndərilən qalıqların dəqiqliyi təsdiqlənə bilməyib. 2014-cü ilin mayında iki ölkənin hökumətləri Yaponiya vətəndaşlarının oğurlanmasının yeni araşdırılması barədə razılığa gəlsə də, Pxenyanın təşəbbüsü ilə yaradılmış komissiya daha sonra ləğv edilib.

Şimali Koreya liderinin bacısı Kim Yo-çon ötən il martın 26-da Pxenyanın Tokio ilə danışıqlardan imtina etdiyini açıqlayıb. O, həmçinin Şimali Koreyanın həmin dövrdə Yaponiya baş naziri olan Fumio Kişida ilə görüşdə maraqlı olmadığını vurğulayıb və qeyd edib ki, Yaponiya nüvə və raket məsələlərində Şimali Koreyanın suverenliyini şübhə altına almağa çalışır. Kim Yo-çon bir daha oğurlanmış Yaponiya vətəndaşları məsələsinin həll olunmuş olduğunu bəyan edib və Tokionun Pxenyanın bu mövqeyini tanımamaq istədiyini vurğulayıb.

Chosen
40
teleqraf.com

1Sources