“Onlar sınaqdan keçirirlər, biz isə yox. Biz də keçirməliyik. Rusiya yaxınlarda müəyyən növ sınaqları fərqli səviyyədə aparacaqlarını bəyan etdi – bu, bir növ təhdid idi. Çin də sınaqlar aparır və biz də keçirəcəyik. Mən Şimali Koreya və Pakistanın da oxşar sınaqlar həyata keçirdiyinə inanıram”. Tramp, həmçinin, ABŞ-ın ən güclü nüvə arsenalına sahib olduğunu vurğulayıb:
“Ən yaxşı nüvə silahları bizdədir və mən birinci prezidentlik dövrümdə onları modernləşdirmişdim. Bunu etməkdən nifrət edirdim, çünki bu silahların dağıdıcı gücü haqqında danışmaq belə istəmirəm”. Prezident bildirib ki, ABŞ nüvə silahlarına malikdirsə, onların işlək vəziyyətdə olub-olmadığını yoxlamaq üçün sınaqlar aparılmalıdır:
“Əgər bizdə bu silahlar varsa, onları sınaqdan keçirməliyik, əks halda necə işlədiklərini bilməyəcəyik. Amma biz onlardan heç vaxt istifadə etmək istəmirik”. Qeyd edək ki, Donald Tramp nüvə sınaqlarının bərpası qərarını 29 oktyabr tarixində elan edib. Lakin nə o, nə də administrasiyanın digər nümayəndələri bunun nüvə cihazlarının faktiki partladılması ilə bağlı olub-olmadığını dəqiqləşdirməyiblər.