Azərbaycanda qızıl, mis və gümüş hasil edən və Londonda AIM birjasında siyahıya alınmış Anglo Asian Mining PLC şirkəti Qarabağdakı “Dəmirli” mis mədənində hasil olunan konsentratın satışına dair müqavilə imzalayıb.
“APA-Economics” xəbər verir ki, müqavilə Trafigura Pte Ltd şirkəti ilə bağlanıb və 25 milyon ABŞ dollarınadək dövri qabaqcadan ödəniş xəttini nəzərdə tutur. Şirkət artıq Azərbaycan hökumətindən “Dəmirli” mədəninin emal zavodunun istismarı üçün tələb olunan lisenziyaları alıb. Anglo Asian-a həmçinin mövcud tullantı anbarından (tailings dam) 12 ay müddətinə istifadə icazəsi verilib. Bu müddətdə ikinci tullantı anbarının tikintisi planlaşdırılır. Zavodun icarə müqaviləsi 1 oktyabr 2025-ci ildən qüvvəyə minib.
Trafigura ilə imzalanmış satış müqaviləsi hökumət tərəfindən təsdiq olunub. Anglo Asian ilk mis konsentratı satışının 2025-ci ilin noyabr ayının ortalarında baş tutacağını gözləyir.
Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, “Dəmirli” mədənində zavodun və tullantı anbarının istismarı üçün bütün müvafiq lisenziyaların alınması şirkətin hasilat portfelini genişləndirəcək: “Bu, mədənin tam fəaliyyətə başlaması və qrupun ümumi istehsalına töhfə verməsi baxımından mühüm mərhələdir. Trafigura ilə imzalanan satış müqaviləsi bizə mis konsentratının satışına başlamağa və “Dəmirli”dən gəlir əldə etməyə imkan verir”.