EN

Gənclərin narkomaniya ilə bağlı məlumatlılığını artırmaq üçün videoçarxlar hazırlanıb

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Gənclər Fondunun ilk dəfə elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qaliblərindən olan Təhminə İbrəhimovanın “Sağlamlıq bir seçimdir: Bir seçim – bir həyat” interaktiv video seriyası layihəsi yüksək texnoloji yanaşmaların tətbiqi ilə uğurla həyata keçirilib.

Fondun mətbuat xidmətindən 525.az-a bildirilib ki, layihə gənclərin narkomaniya ilə bağlı məlumatlılığını artırmaq, onları düzgün seçim etməyə təşviq etmək və sağlam həyat tərzini geniş təbliğ etmək məqsədi daşıyır.

Layihənin icrasında müasir rəqəmsal həllərdən geniş şəkildə istifadə olunub. Süni intellekt texnologiyaları həm videoçarxların hazırlanmasında, həm də mövzu ilə bağlı rəsmi statistikaların araşdırılması və təhlilində tətbiq edilib. Bu yanaşma layihənin həm vizual keyfiyyətini, həm də məlumat bazasının dəqiqliyini xeyli artıraraq gənclərə ən aktual və təsirli məlumatların təqdim olunmasına imkan yaradıb.

Hazırlanan interaktiv video seriyaları, sosial media üçün xüsusi dizayn edilmiş maarifləndirici çarxlar və dinamik rəqəmsal kampaniyalar gənclərin diqqətini cəlb etməklə yanaşı, onları real situasiyalar üzərində düşünməyə sövq edir. Videolarda istifadəçilər hekayənin gedişatına öz seçimləri ilə təsir edir, bununla da səhv və doğru qərarların nəticələrini birbaşa görərək daha dərindən mənimsəyirlər.

Layihənin rəhbəri Təhminə İbrəhimova bildirib ki, məqsəd gəncləri ənənəvi maarifləndirmə üsullarından kənara çıxaraq yeni texnoloji vasitələrlə məlumatlandırmaq olub: “Süni intellekt bizə həm daha dəqiq statistika, həm də daha təsirli vizual məzmun yaratmaq imkanı verdi. Gənclərə bir seçimlə həyatlarının necə dəyişə biləcəyini göstərmək bizim üçün prioritet idi”.

Layihə cəmiyyətin narkomaniya ilə mübarizəsində mühüm addım olmaqla yanaşı, gənclərin informasiya əldə etmə vərdişlərinə uyğunlaşdırılmış innovativ maarifləndirmə modeli təqdim edir. Bu təşəbbüs gənclərin təhlükələri erkən yaşlardan daha yaxşı tanımasına, sağlam həyat tərzinin populyarlaşmasına və sosial məsuliyyət hissinin güclənməsinə əhəmiyyətli töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
525.az

1Sources