EN

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin maarifləndirmə layihəsi uğurla başa çatdı

Təşkilatın 2025-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şagirdlər və Pedaqoji Kollektiv arasında Vərəm ilə Bağlı Maarifləndirmə İşi” layihəsi sona çatmışdır.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı bildirib. Onun sözlərinə görə, 2025-ci ilin iyul–oktyabr aylarını əhatə edən “Şagirdlər və Pedaqoji Kollektiv arasında Vərəm ilə Bağlı Maarifləndirmə İşi” layihəsi uğurla yekunlaşıb:

"Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihənin tərəfdaş qurumları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ona tabe olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmuşdur. Bu əməkdaşlıq sayəsində fəaliyyətlər təhsil mühitinə sistemli şəkildə inteqrasiya olunmuş və məktəblər üçün nümunəvi model yaradılmışdır. Layihənin ilk iki ayı – iyul və avqust – hazırlıq mərhələsinə həsr edilmişdir. Bu dövrdə metodik vəsaitlər hazırlanmış, təqdimat materialları işlənmiş, ekspert qrupu formalaşdırılmış və məktəblərin seçimi həyata keçirilmişdir".

QHT sədri həmçinin bildirib ki, sentyabr və oktyabr aylarında isə layihənin aktiv icra mərhələsi baş tutmuşdur. İki ay ərzində Bakı şəhərinin 10 tam orta məktəbində maarifləndirici tədbirlər həyata keçirilmiş, yüzlərlə şagird, onlarla müəllim və çoxsaylı valideyn layihənin iştirakçısına çevrilmişdir:

"Tədbirlər “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin mütəxəssisləri tərəfindən aparılmış və interaktiv təlim metodları əsasında qurulmuşdur. Təqdimatlar, qrup müzakirələri, videoçarxlar və oyun əsaslı sual-cavab sessiyaları vasitəsilə iştirakçılarda maraq və diqqət yüksək səviyyədə saxlanılmışdır. Layihə çərçivəsində aparılan maarifləndirmə işi vərəm haqqında yanlış təsəvvürləri aradan qaldırmağa, xəstəliklə bağlı sosial damğalanmanın qarşısını almağa yönəlmişdir. Xüsusilə şagirdlər arasında sağlam həyat tərzinin təbliği və gigiyenik vərdişlərin formalaşdırılması əsas məqsədlərdən biri olub. Müəllimlər tədbirlər zamanı əldə etdikləri bilikləri dərs prosesində tətbiq etmək üçün yeni metodoloji yanaşmalarla tanış olublar. Valideynlər isə övladlarının sağlamlıq məsələlərinə daha ciddi yanaşmağın vacibliyini dərk ediblər".

Tədbirlər zamanı aparılan viktorinalar, diskussiyalar və təqdimatlar iştirakçılarda biliklə yanaşı, məsuliyyət hissi də yaradıb. Bir çox şagirdlər bu mövzuya fərqli baxmağa, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığı üçün daha diqqətli olmağa başladılar. Layihə həm də məktəblərdə şüur dəyişikliyinə səbəb oldu. Artıq bir çox müəllim və valideynlər vərəm barədə sadəcə xəstəlik kimi deyil, sosial məsuliyyət məsələsi kimi düşünməyə başlayıblar.

Bu proses bir daha göstərdi ki, cəmiyyətin sağlam gələcəyi üçün maarifləndirmə ən güclü silahdır. Layihə həm insan davranışına, həm də məktəb mühitinə müsbət təsir göstərərək davamlı təsir mexanizmi formalaşdırdı. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi gələcəkdə bu təcrübəni region məktəblərində də tətbiq etməyi planlaşdırır. Məqsəd təkcə paytaxtda deyil, bütün ölkə üzrə sağlam düşüncəni, erkən profilaktika və məsuliyyət mədəniyyətini yaymaqdır.

Bu layihə bir daha sübut etdi ki, dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə səyi sayəsində vərəmlə mübarizədə dayanıqlı nəticələr əldə etmək mümkündür.

Chosen
58
qht.az

1Sources