EN

“Bir amal, iki mahnı, üç ürək”: “İgid əsgər” və “Cənab leytenant”– VİDEOMÜSAHİBƏ

“Bir
Zəfər Günü ərəfəsində yayımlanan bu müsahibə vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və ömrünü yurdun qorunmasına həsr edən hərbçilərimizə həsr olunur! Bu insanlar ölkəmizin səssiz qəhrəmanlarıdır. Onların yoxluğu evlərində hiss olunur, varlıqları isə vətənimizin üzərində. Söhbət əsgər və zabitlərimizdən gedir. Həyatları da, geyimləri də xaki rənglə çulğalanmış bu qəhrəmanlar səliqəli formaları, yay-qış geyindikləri çəkmələri və nizam-intizamlı davranışları ilə daim diqqət çəkməyi bacarırlar. Kənardan hər kəsdə qibtə və heyranlıq yaradan bu insanların çiyinlərində necə böyük bir məsuliyyət daşıdıqlarını isə yalnız özləri bilir, bir də onları gözləyən ailələri. Doğmaları ilə doyunca vaxt keçirməkdən məhrum olan hərbçilərimiz yorğunluğa, gecəni gündüzə bağlayan növbələrə, məşəqqətli və gərgin iş saatlarına baxmayaraq, əllərində silah, qəlblərində isə vətən sevgisi ilə yurdumuzu qorumağa davam edirlər.
Bu qəhrəmanların həyatı incəsənətə də təsirsiz ötüşməyib. Onların dəyərli ömür yollarına şeirlər yazılıb, mahnılar bəstələnib. Bu mahnıların içərisində isə ikisi xüsusilə seçilir və sevilir: “İgid əsgər, möhkəm dayan” və “Cənab leytenant”. Birinci Qarabağ müharibəsinin qanlı-qadalı günlərində ərsəyə gələn bu nəğmələr həm düşündürən sözləri, həm də qəlbi titrədən musiqisi ilə hər dinləmədə ruhumuzu “barıt qoxulu o yollar”a, “odunun hənirtisi hələ keçməyən səngər”lərə aparır. Bəs hər dinləmədə qəlbimizi kövrəldən bu mahnıların yaranma hekayələrinin necə kədərli olduğunu bilirdinizmi? 1news.az mahnının müəllifi olan şair və bəstəkar, eyni zamanda həkim kimi fəaliyyət göstərən Şahin Musaoğlunu, qadın ifaçı Nəsibə Bədəlbəyli və hərbi diktor Şəmistan Əlizamanlını bir araya gətirib. İllər sonra görüşən ifaçılar həmin günləri birlikdə yad edib və yenidən duet ifa ediblər. 1news.az “İgid əsgər, möhkəm dayan” və “Cənab leytenant”mahnılarının tarixçəsi ilə bağlı videomüsahibəni təqdim edir: “İgid əsgər, möhkəm dayan” mahnısının tam formasını buradan dinləyə bilərsiniz: “Cənab leytenant” mahnısının tam formasını buradan dinləyə bilərsiniz: FOTO - VİDEO: Nadir İbrahimli
Chosen
67
1news.az

1Sources