EN

Tünzalə Abduləlimova: “Xalq–iqtidar birliyi Zəfərin əsas strateji amili idi”

Zəfər Günü haqqında imzalanmış sərəncamda qeyd olunduğu kimi, hər il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnaməsinin əbədiləşdirilməsi, dövlətimizin gücünün və xalqımızın birliyinin bayramı kimi qeyd edilir. Bu gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramın, xalqın bir yumruq kimi birləşməsinin və müstəqilliyimizin əbədiliyinin simvoludur.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında İkinci Qarabağ müharibəsində əldə edilən tarixi qələbədə xalq–iqtidar birliyinin həlledici rol oynadığını bildirib. O vurğulayıb ki, bu birlik müharibə dövründə yaranmayıb, uzun illər formalaşmış siyasi və ictimai proseslərin nəticəsidir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən hərbi-siyasi qərarlar, diplomatik xətt və informasiya strategiyası cəmiyyət tərəfindən tam dəstəkləndi. Bu, böhran dövründə sabitliyin və idarəetmənin fasiləsizliyini təmin etdi. Xalqın total səfərbərlik ruhu və informasiya birliyi Zəfərin mühüm təməlini təşkil edib. Könüllü xidmətə müraciətlərin çoxalması, yardım kampaniyaları, ordunun ehtiyaclarına yönəlik vətəndaş təşəbbüsləri cəmiyyətin bir amal uğrunda birləşdiyini göstərdi. Media və sosial şəbəkələrdə də ümumi məqsədə fokuslanma milli həmrəyliyi gücləndirdi.”

Şəhid anası xüsusilə QHT sektorunun roluna diqqət çəkib və bildirib ki, bu qurumlar həm müharibə dövründə, həm də sonrasında cəmiyyətin birliyinin və dayanıqlığının qorunmasında mühüm funksiyalar yerinə yetiriblər:

“QHT-lər maarifləndirmə, ictimai rəyin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizə, şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək, eləcə də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində böyük işlər gördülər. Gənclərin və könüllülərin milli ruhda tərbiyəsi QHT-lərin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu fəaliyyətlər sayəsində QHT sektoru xalq-iqtidar birliyinin institusional səviyyədə qorunmasına, ictimai dayanıqlığın möhkəmlənməsinə və sosial inteqrasiyanın davamlılığının təmininə mühüm töhfə verdi.”

QHT sədri sonda qeyd edib ki, xalq–dövlət birliyi Azərbaycanın həm hərbi, həm diplomatik, həm də informasiya sahəsində üstünlüyünü təmin edən əsas amil kimi tarixə düşüb.

Chosen
45
qht.az

1Sources