EN

İsraildə qadın general həbs olunub

AzVision.az İsrailin “Kan” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, general xanım bu ittihamlar üzrə dindiriləcək.

“Noyabrın 3-nə keçən gecə polis keçmiş Baş Hərbi prokuror İfat Tomer-Yeruşalmini həbs edib. Tomer-Yeruşalmi ədalətə mane olmaqda və etimadın pozulmasında şübhəli bilinir. Bu axşam onun dindirilməsindən sonra həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək”, - məlumatda deyilir.

Xanım general oktyabrın 31-də Sde-Teyman hərbi həbsxanasından video-materialın mediaya sızdırılmasında əli olması şübhəsi ilə məzuniyyətə buraxıldıqdan sonra istefa verib. Tomer-Yeruşalmi sızmaya görə məsuliyyəti boynuna alıb vəmaterialların mediada yayılmasına razılıq verdiyini bildirib.

Sde-Teyman həbsxanasında çəkilmiş video-material 2025-ci ilin avqustunda İsrail televiziyasının “12-ci kanalı” tərəfindən yayımlanıb. İddiaya görə, kamera “Koax 100” bölməsinin mühafizəçilərinin Qəzza zolağında saxlanılan yaraqlıya qarşı zorakılığını qeydə alıb.

- Hadisə 2024-cü il iyulun 5-də baş verib. “Kanal 12”-nin yayımladığı video-material müxtəlif günlərdə baş vermiş bir neçə hadisənin kadrlarının montajıdır. Lakin bu, saxtalaşdırılmış material deyil”, - İsrailin “Ynet” nəşri vurğulayır.

Tomer-Yeruşalminin sözlərinə görə, o, hüquq-mühafizə orqanlarına təzyiqləri dayandırmaq və həbs edilmiş əsgərlərə qarşı şübhələrin əsaslı olduğunu nümayiş etdirmək üçün İsrail mediasında video fraqmentlər yaymaq qərarına gəlib.

Video-materialın sızmasından və şübhəli əsgərlərin həbsindən sonra fəallar istintaqa etiraz üçün Sde-Teyman bazasına basqın ediblər. İsrailin Müdafiə naziri İsrael Kats Tomer-Yeruşalminin vəzifəində bərpa olunmayacağını və sızma ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

Maraqlıdır ki, noyabrın 2-də İsrail mediası İfat Tomer-Yeruşalminin avtomobilinin Təl-Əvivin şimalındakı “Kliff” çimərliyi yaxınlığında tapıldığını bildirib. Hətta sabiq Baş Hərbi prokurot tərəfindən yazdığı ehtimal olunan məktub da aşkarlanıb.ÇAXAL-ın sözçüsü isə, general-mayorun “xəbərsiz itkin düşmüş” kimi siyahıya alındığını deyib.

Lakin bir müddət sonra İsrail polisinin mətbuat xidməti Tomer-Yeruşalminin sağ-salamat tapıldığını açıqlayıb. “Kan Bet” radiosu isə onun sağ olduğunu polisə xəbər verən əri ilə əlaqə saxladığını bildirib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
26
1
azvision.az

2Sources